Gəncədə icra edilən Aqrar Təhsilli Gənclər Üçün Karyera Planlaması Layihəsi başa çatıbbackend

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” adlı layihənin bağlanış mərasimi baş tutub.

Layihənin bağlanış mərasimində iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektor vəzifəsini icra edən Zəfər Qurbanov çıxışına layihədə iştirak edən gəncləri təbriklə başlayıb. O, ölkə Prezidentimiz cənab İlham Əliyevin aqrar təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Dövlətin icra etdiyi aqrar siyasətin əsasında aqrar gəncliyin, aqrar mütəxəssislərin inkişafının olduğunu qeyd edən rəhbər bu ali diqqətin qarşılığı olaraq Universitetdə aparılan təhsil və elm məsələlərindən, innovativ metodların tədbiqindən, gənc aqrar mütəxəssislərin formalaşması istiqamətində görülən işlərdən danışıb. Aqrar gənclər isə bu diqqət və qayğı üçün ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra layihə rəhbəri, Karyera məsləhətçisi Ruslan Vəliyev layihənin keçirilməsində məqsədin gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması, bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması, kənd təsərrüfatı təyinatlı ixtisasların tələbə və məzunlarının əmək bazarına uyğun hazırlanması işinə və bu kimi bütün ümumi məsələlərin həllinə nail olmaqdan ibarət olduğunu bildirib.

Məlumat üçün bildiririk ki, cari layihə 15.11.2022 – 01.03.2023 tarixlərini əhatə edib. Layihə çərçivəsində ümumilikdə 50 nəfər və daha artıq gəncə 5 gün müddətində peşəkar təlimçi tərəfindən layihənin istiqamətlərinə uyğun müxtəlif mövzularda təlimlər keçirilib, eyni zamanda millət vəkilləri, idarə, təşkilat rəhbərləri və ADAU-nun uğurlu məzunları layihə iştirakçıları ilə görüşərək öz uğur hekayələrini bölüşüblər.    Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunmuşdur. Həmçinin, layihənin davamlılığının təmin edilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsi istiqamətində layihə rəhbəri tərəfindən 1 il müddətində təmənnasız karyera məsləhəti veriləcəkdir.