“Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə yekun vurulubbackend

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Qeyri-Formal Təhsilin Əsasları” layihəsi çərçivəsində təlim proqramına yekun vurulub.

İctimai.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi, layihə rəhbəri Raziyə Dadaşzadə gəncləri layihənin başa çatması münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, həyata keçirilən layihə müddətində iştirakçılar keçirilmiş təlimlər, habelə qrup şəklində praktiki sessiyalarla öz bilik və bacarıqlarını daha da artırıblar. Hazırkı dövrdə qeyri-formal təhsilin gənclərdə yeni öyrənmə vərdişlərinin formalaşmasında olduqca mühüm rola malik olduğunu vurğulayan Raziyə Dadaşzadə gələcəkdə də bu kimi layihələrin davamlı xarakter alacağını bildirib. Daha sonra təlim proqramında fəal iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.

Qeyd edək ki, “Qeyri-Formal Təhsilin Əsasları” layihəsi boyunca iştirakçı gənclər qeyri-formal təhsilin metodları və önəmi, gənclərlə işdə qeyri-formal təhsilin rolu, layihələrin idarə olunması, özünüifadə, öyrənmə zonaları, inklüziv təhsil və digər mövzularda təlimlərdə iştirak ediblər. Layihənin davamlılığının təmin olunması məqsədilə təlim proqramından sonrakı müddətdə gənclərin öz öyrəndiyi biliklərin ətrafındakı auditoriyaları ilə multiplayer şəklində bölüşməsi planlaşdırılır.

Layihənin keçirilməsində əsas məqsəd gənclərlə işləyən şəxslərin bilik və bacarıqlarını qeyri-formal təhsilin metod və alətləri vasitəsilə inkişaf etdirmək və onların gələcəkdə təlimçi kimi formalaşmasında yardımçı olmaqdır. “Qeyri-Formal Təhsilin Əsasları” Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.