Gələn il Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksi açılacaqbackend

“Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır”.

Oxu.Az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev deyib.

O bildirib ki, Kürdəmir stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir:

“Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək”.

Qurum rəsmisi vurğulayıb ki, müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq:

“2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı-Ağstafa-Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib. 2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib. 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha təsdiqləyir”.