Neftçalanın icra başçısı səyyar görüş keçirdibackend

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Cəngan kəndinin sakinləri ilə keçirib.

İctimai.az xəbər verir ki, qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səyyar qəbul zamanı Cəngan inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək qəsəbənin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Azərbaycanda gender bərabərliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasəti bu gün də uğurla davam etdirilir. Ulu Öndər ölkənin ictimai-siyasi həyatında qadınların fəal iştirakını daim dəstəkləyib, onların hüquqlarının qorunmasını və cəmiyyətdə layiqli yer tutmalarını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə qadınların dövlət idarəçiliyində təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasət müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısı gender bərabərliyinin təmin olunmasını ölkənin davamlı inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir. Bu sahədə qəbul edilən qanunvericilik aktları, dövlət proqramları və institusional islahatlar qadınların hüquqlarının genişləndirilməsinə, onların iqtisadi və ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

RİH-in başçısı bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da gender bərabərliyinin təşviqi istiqamətində mühüm fəaliyyət göstərir. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə, onların hüquqlarının müdafiəsinə və sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu gün Azərbaycan gender bərabərliyinin təmin olunması sahəsində beynəlxalq öhdəliklərə sadiq qalaraq müasir və inklüziv cəmiyyət quruculuğunu uğurla davam etdirir. Dövlət tərəfindən həyata keçirilən siyasət qadın və kişilər üçün bərabər imkanların yaradılmasına, sosial ədalətin möhkəmləndirilməsinə və davamlı inkişafın təmin olunmasına xidmət edir.

Neftçala RİH-in başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, evinin sənədləşməsinə köməklik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.