Gülrux Əliyeva : “Biz fəaliyyətə başlayarkən çox təsirlərə məruz qalmışdıq” – MÜSAHİBƏbackend

Həm dövlət başçımız, həm də birinci vitse prezidentimiz hər zaman könüllülərə önəm verirlər. Bunu istər çıxışlarında, istərsə də, könüllülərin işləməsi üçün yaratdıqları şəraitlərdə görə bilərik.

İctimai.az Gülrux Əliyeva ilə müsahibəni təqdim edir.

– Özünüz və könüllülük fəaliyyətiniz haqqında məlumat verərdiniz

– Mən, Əliyeva Gülrux Elman qızı. 2013-2017-ci illər ərzində Azərbaycan Dillər Universitetində “SABAH” qruplarında ingilis dili müəllimi üzrə bakalavr təhsili, 2017-2019-cu illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi (menecment) üzrə magistr təhsili almışam və fərqlənmə diplomu ilə oranı bitirmişəm. Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi çalışıram.

Könüllü fəaliyyətimə 2014-cü ildən başlamışam. İlk könüllü fəaliyyətim Bakı 2015 1-ci Avropa Oyunlarında olmuşdur. Oyunların “pregames” komandasının üzvü olmuşam və könüllü kimi inkişafımda menecerimiz Tural Hümbətovun saysız əməyi olmuşdur. Ondan sonra ölkəmizdə keçirilən bütün Beynəlxalq Layihələrdə könüllü kimi fəaliyyət göstərmişəm. Bunlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan “BİR” tələbə könüllü proqramında Azərbaycan Dillər Universiteti üzrə koordinator olmuşam və 2 illik fəaliyyətimə əsasən bir çox diplom və təşəkkürnaməyə layiq görülmüşəm.

– Könüllülük fəaliyyəti göstərənlər nələr əldə edir? 

– Könüllü kimi fəaliyyət göstərmək həmin komandanın bir işçisi kimi fəaliyyət göstərmək deməkdir. Könüllü kimi siz oxuduğunuz, təhsil aldığınız sahələrdən başqa sahələrdə də özünüzü sınaya biləcək, hər bir sahənin az da olsa, dərinliyinə bələd olacaqsınız. Həm də o sahə üzrə işin aparılmasını, hansı meyarların daha da önəmli olmasını öyrənəcəksiniz.

Siz orada bir işçi olacaqsınız. İşçi deyəndə bəzilərinin fikrinə ilk öncə məvacib almaq gəlir, lakin könüllü kimi işləmək məvacib almadan daha çox inkişaf etmək deməkdir.

İşçi olan şəxs ayın sonuna kimi özünü məcbur edir ki, işləsin və məvacibini alsın. Amma siz könüllü olanda bunu qəlbən edirsiz və işinizdən daha çox zövq alırsınız. Orda işlədiyiniz müddət ərzində müxtəlif insanlarla tanış olur və işləyirsiniz. Bu da sizin həm xarakterinizin, həm də iş təcrübənizin inkişafına böyük töhfələr verir. Könüllü kimi fəaliyyətimin uğurlu nəticəsi olaraq, 2017-ci ildə ölkəmizdə keçirilən Formula 1 Azərbaycan Qrand Prisində artıq işçi kimi işlədim. 3 il ərzində könüllü kimi qazandığım təcrübələr orada işləyərkən öz töhfəsini verdi. Həm komandamın, həm də gələn qonaqların yarışlardan necə zövq alacağını təcrübələrimə əsasən bilirdim və bunu öz işimdə tətbiq elədim. Hal-hazırda da işlədiyim sahədə istər komanda ruhu, istərsə də əldə etdiyim iş təcrübələri kifayət qədər öz işimin üstəsindən gəlməyimdə kömək edir.

İndiyədək fəaliyyət göstərdiyim könüllülük sahələrində əldə etdiyim təcrübələr indiki “Mən”in formalaşmasında böyük bir yol olmuşdur. O səbəbdən könüllü kimi çalışmaq öz sahənizlə yanaşı, digər sahələrdə də qazanacağınız təcrübələrin sizin gələcək inkişafınızda böyük bir pilləkən olacaqdır.

 – Bəzi gənclər arasında könüllülük fəaliyyəti ilə bağlı neqativ fikirlər formalaşıb. Bu barədə nə demək istərdiniz?  

– Biz fəaliyyətə başlayarkən çox təsirlərə məruz qalmışdıq. İstər gənclər, istərsə də orta yaşlı nəsil bizə çox qəribə baxır və sözlər sərf edirdilər. Amma əsla onlara görə ruhdan düşmədim, nə də bizim komandamız ruhdan düşmədi. Bakı 2015 1-ci Avropa Oyunları təşkil olunandan sonra bizə saysız şəkildə müraciət edib necə könüllü ola bilərəm deyə sual verən gənclər oldu. Ölkəmizdə könüllülük hərəkatının təməli çoxdan qoyulsa da, ən böyük könüllü ordusu məhz Avropa Oyunlarından başladı. Və ondan sonra da bütün təbəqədən olan əhalinin könüllü kimi fəaliyyətimizə qarşı baxışı dəyişdi.

Gənclərə tövsiyyəm budur ki, o təzyiqlərə heç bir şəkildə fikir verməsinlər, əsas özlərini və gələcəkdə əldə edəcəkləri təcrübələr ilə qazanacaqları uğurları nəzərə alsınlar. Özləri üçün çalışsınlar. Əmin olsunlar onlar uğur qazandıqca birinci onlardan yardımı onları qınayan şəxslər alacaqlar. Əlbəttə təkcə bunun üçün düşünüb könüllü olmasınlar. Vaxtlarını səmərəli keçirmək üçün bu yolu seçsinlər. Həm də könüllü olaraq, fəaliyyət göstərən insan bir növ “vaxt meneceri” olur. Çünki onlar həm şəxs həyatlarında olan işlərə, həm də könüllü kimi fəaliyyət göstərdikləri sahələrdə olan işlərə vaxt ayırmaqla öz perspektivlərini daha da inkişaf elətdirirlər.

 – Bildiyiniz kimi 2020-ci il “Könüllülər ili” elan olunub. Bu barədə fikirlərinizi bilmək istərdik. 

– Həm dövlət başçımız, həm də birinci vitse prezidentimiz hər zaman könüllülərə önəm verirlər. Bunu istər çıxışlarında, istərsə də könüllülərin işləməsi üçün yaratdıqları şəraitlərdə bariz görə bilərik. Dövlət başçımızın bu il üçün imzaladığı sərəncam bizlərə göstəriləm dəyəri, fikri bir daha sübut etdi. Bu il xüsusilə keçiriləcək tədbirlər təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionda da görüləcək işlər həm də regionda olan gənclərimizində inkişafına öz töhfəsini verəcəkdir. Bu sahədə yaradılan çoxlu könüllü təşkilatlar bütün ölkə üzrə tədbirlər həyata keçirməklə, həm gənclərimizin digər regionların tarixi keçmişini, insanların adət-ənənələrini tanıyacaq, həm də başqa sahələrdə işləməklə öz bacarıqlarını artıracaqdırlar.

Bildiyiniz kimi hal-hazırda dünya çox çətin günlər yaşayır. Keçdiyimiz bu sınaq bəzi sahələrdə işlərin dayanmasına səbəb olsa da, insanlar könüllü şəkildə həkimlərimizə, sosial sahədə olan şəxslərə könüllü şəkildə kömək etməklə bu çətin günləri biran öncə geridə qoyacağımıza bir işarədir.

 – Könüllülük fəaliyyətinə yeni başlayanlara tövsiyələriniz nələrdir? 

– Heç kəsə qulaq asmasınlar. Öz bildikləri kimi yollarına davam etsinlər. Əmin olsunlar nailiyyətləri artdıqca, qınayanlar birinci onları alqışlayacaq və birinci onlar kömək istəyəcəklər. Əsas ailələri ilə məsləhətləşsin və ailələrdə kənar nə deyər deyə deyil, həqiqətən övladlarının gələcəkdə daha yaxşı yerlərdə ola biləcəklərini düşünüb onlara dəstək olsunlar. Gələcəkdə öz iş təcrübələrində könüllü kimi fəaliyyət göstərdikləri sahələrdə qazandıqları təcrübələr daha çox köməkləri olacaqdır. Həm də öz gələcəkdə harada olmaq istədiklərini daha yaxşı biləcək və gələcəkdə həm dövlətimizə, həm də özlərinə daha gözəl şəkildə töhfə verəcəklər.

– Könüllülük fəaliyyətinizdə xüsusi yer tutan dövr hansı olub? 

– Bütün dövlər öz xüsusiyyətləri ilə yaddaşımda iz salıbdır. İstər xaricilərlə işlədiyim dövrlər, istərsə də sosial sahədə göstərdiyim könüllülük fəaliyyəti mənim həyatımda xüsusi yer tutubdur.

Amma ən xüsusi, qürurverici an Bakı 2015 1-ci Avropa Oyunlarının açılışından sonra xarici qonaqlarımızın bizə yaxınlaşaraq indiyə qədər gördükləri ən gözəl açılışın olduğu, göstərilən hər bir səhnənin həm tarix, həm müasir dünya ilə necə də uyğunlaşdıqlarını və ölkələrinə dönəndən sonra bu barədə hər bir tanışlarına danışacaqlarını deməkləri bizim üçün çox möhtəşəm anlar idi.

 – Könüllü olarkən başınıza gələn maraqlı hadisəni bizimlə bölüşərdiniz

– Ən unudulmaz an Cənab Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva ilə 2 dəfə görüşmək olmuşdur. Bizimlə Novruz Bayramı tədbirləri zamanı görüşmüşdülər. 2015 və 2017-ci illər ərzində görüşmüşdük. 2015-də 1-ci Avropa Oyunlarının, 2017-ci ildə isə 4-cü İslam Həmrəylik Oyunlarının təşkili sahəsində göstərdiklərimiz nailiyyətlər və fəaliyyət üçün bizimlə, yəni “pregames” komandası ilə görüşüb öz təşəkkür və arzularını bildirdilər.

Onların bizə verdikləri dəyər, arzuladıqları həyat sözsüz ki, həyatımda unudulmaz an kimi qalmışdır. O zamandan deyə bilərəm ki, verdikləri fikirlər gələcək həyatımın şəkillənməsində böyük bir stimul olmuşdur.

– Maraqlı və səmimi müsahibəyə görə təşəkkürlər! 

İctimai.az