Hacıqabulda insan sümükləri tapıldıbackend

Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qubalıbaloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.

Tarixçilər ərazidə tapılan insan sümüklərinin 1918-ci il 31 mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal ediblər. Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalıbaloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.

Tarixçilər hesab edirlər ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır.