Hadrut və Şuşa qəhrəmanı – Şəhid Sahib Şirəliyevbackend

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də baş leytenant Sahib Yusif oğlu Şirəliyevdir. 14 noyabr şəhid Sahib Şirəliyevin dəfn olunmasından iki il ötür. 

İctimai.az informasiya portalı Şəhidimizin qürurlu həyat yolunu Sizə təqdim edir.

Sahib Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi Vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb.

44 günlük şanlı Zəfər müharibəsinin son günlərində Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Şəhid zabitimiz həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.

Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız onun qardaşı Əli Şirəliyevə təqdim edilib. 22 yaşlı Əli də hərbçidir – Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur.

Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 2021-ci ildə şəhidimizin xatirəsinə Masallı rayonunda bulaq abidə-kompleksi istifadəyə verilib.

Sahib Şirəliyevin şərəfli döyüş yolundan onun hərbçi yoldaşlarının bəzi fikiklərini təqdim edirik:

Sahib Şirəliyevin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Nəsir Zeyniyev: “Əsgər və zabit heyətimiz cəbhəyə mərhələli şəkildə göndərilirdi. Oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərə qatıldıq. Qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup xüsusi fədakarlıq göstərdi. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv etdi. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan vacib yüksəkliyin alınmasında S.Şirəliyevin xidməti əvəzsizdir. Onun rəhbərlik etdiyi bu uğurlu əməliyyatdan sonra qəsəbədə bölmələrimizin şəxsi heyət və döyüş texnikasının rahat hərəkəti təmin edildi…”

Sahibin kursant yoldaşı və onunla eyni taborda xidmət edən qrup komandiri, “Hərbi xidmətlərə görə” medallı baş leytenant Minətulla Bayramov: “Qırmızı bazar istiqamətində, dağlıq-meşəlik ərazilərlə 2 gecə yol getdik. Bu əməliyyatdakı ilk tapşırığımız yaşayış məntəqəsinin giriş və çıxış qapılarını bağlamaq oldu. Qəsəbəyə çatdıqda mövqe tutduq, bərabər paylanaraq yol kənarı boyunca yerləşdik. Minomyot atəşinə tutulsaq da, ordu birləşmələrimizlə birgə düşmənə sarsıdıcı zərbələr endirdik. Hədəf qəsəbənin tam alınması idi. Qrupumuzdan 4 nəfər yaralandı, mən sağ qolumdan güllə yarası aldım – hospitala təxliyə olundum. Bütün məsuliyyət və ağırlıq Şirəliyevin üzərində qaldı…”

“Döyüşdə fərqlənməyə görə” medallı baş gizir Kamran İbrahimov: “Tuğ kəndini aldıqdan sonra kəşfiyyat işlərini yekunlaşdırıb, ərazini təmizlədik. Sonra Qarabulaq kəndini, ərazidəki yüksəkliyi işğaldan azad etdik. Yeni tapşırığa əsasən Şuşa tərəfə irəlilədik. Bir neçə gün piyada yol getdik. Şuşa-Laçın yolunun 6-7 kilometrliyində döyüşə hazırlığa başladıq. Laçın dəhlizinə çatanda səhər saat 5-in yarısı idi…
Düşmənlə qızğın atışmalar zamanı yaralanan zabitimizə ilk tibbi yardımı Şirəliyev göstərdi. Saatyarımlıq şiddətli döyüşlərdə yaralı və şəhidlərimiz olsa da dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirdik. Ağır artilleriya atəşlərinə məruz qalsaq da irəliləyirdik. Hətta “Şirəliyev, irəli, yoxsa geri?” soruşduqda, o, “yalnız irəli getməliyik” deyə, əmr etdi. Hədəfimiz Şuşa şəhəri idi. O səmtə istiqamətləndik. Qarşıda bizi tələyə salacağını düşünən hiyləgər yağını yenə də peşman etdik. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. İki BMP-ni yararsız hala salaraq qənimət götürdük. Lakin yarım saatlıq ağır vuruşda cəsur və təmkinli qrup komandirimizi, baş leytenant Sahib Şirəliyevi itirdik. Əvvəlcə elə bildim ki, qaya arxasında mövqe tutub. Çağırdım səs vermədi. Yaxınlaşanda arxası üstə yerə uzanan cansız bədənini gördüm. Sol çiynindən yapışıb özümə tərəf çəkdim. Güllə baş nahiyəsindən dəymişdi…”.

Azərbaycan xalqı Sahib Şirəliyevin qismində bütün şəhidləri ilə qürur duyur, onları heç bir zaman unutmur. Yaralı qazilərimizə şəfalar, şəhidlərimizə rəhmət diləyirik. Şəhidlər ölməz, Vətən bölünməz!