Bədəndə D vitamininin normal səviyyədə saxlanması bağırsaq xərçənginin inkişaf riskini potensial olaraq azalda bilər.
Bu barədə Anglia Ruskin Universitetinin biotibbi elmlər üzrə eksperti, professor Castin Stebbinq “The Conversation”a danışıb.
Alim izah edib ki, D vitamini “günəş vitamini” kimi tanınır. Bununla belə, siz bu maddəni pəhriz əlavələrindən və yağlı balıq, qırmızı ət və yumurta sarısı kimi qidalardan da ala bilərsiniz. D vitamininin sümüklərin, dişlərin, sinirlərin, əzələlərin və immunitet sisteminin sağlam olması üçün vacib olduğu elmi şəkildə sübut edilmişdir.
Mütəxəssisin sözlərinə görə, laboratoriya tədqiqatları da bu qidanın toxuma iltihabı ilə mübarizədə və hüceyrələrin böyüməsini tənzimləməkdə mühüm rol oynadığını göstərib. Əvvəllər elm adamları, həmçinin D vitamini səviyyəsinin normal olduğu insanların bağırsaq xərçənginə tutulma riskinin əhəmiyyətli dərəcədə aşağı olduğunu müəyyən etmişdilər.
Bununla belə, doktor Stebbinq aydınlaşdırıb ki, D vitamininin xərçənglə mübarizə qabiliyyəti haqqında birbaşa danışmaq hələ tezdir – tədqiqatlar bu faktı təsdiqləməyib. Bundan əlavə, xərçəngin qarşısının alınması üçün sağlam həyat tərzi daha böyük əhəmiyyət kəsb edir – fiziki məşqlər, düzgün qidalanma və pis vərdişlərin olmaması.