Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdirbackend

Hər bir dövlətin tarixi inkişafı və formalaşmasında bir sıra amillər rol oynayır ki, bu amillərdən biri də həmin ölkənin müstəqil dilinin olmasıdır. Amma bunu da qeyd etməliyik ki, dünyada olan bütün ölkələrin heç də hamısı dillərini qoruyub saxlaya bilməyib. Həmin dillər ya assimilyasiya edir, ya da tamamilə yox olub gedir.

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir.

Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu.

Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizin inkişaf üçün həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa zamanda həm daxili sabitliyi təmin etdi, həm də beynəlxalq arenada bir sıra nailiyyətlər əldə etdi.

Ölkəmizdə digər sahələr kimi, dilimizin inkişafı istiqamətində fərman və sərəncamlar imzalandı, tədbirlər həyata keçirilməyə başlandı. Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il 31 oktyabrda Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin, tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı.

Həmin il noyabrın 12də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.

Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Respublikamızın çoxminli təhsil işçiləri “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanundan, eləcə də ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, ulu öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin, irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər. Ölkəmizdə hər il “Ana dili” günü təntənəli surətdə qeyd edilir.

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır.

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.

 

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyasının üzvü

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru