“İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi başa çatıbbackend

“IMSI” İnternat Məzunlarının Sosial İnteqrasoyası GİB-nin, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternat və uşaq evi məzunları arasında məşğulluq və sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi başa çatıb.
Layihə çərçivəsində Şamaxı rayonunda qış düşərgəsi təşkil olunub. Layihənin əsas məqsədi: Dövlət himayəsində böyüyən gənclərin sosial inkişafı, peşə seçimi, özünü məşğulluq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum yararlanmaları sahəsində maarifləndirici tədbirlər həyata keçirmək, internat və uşaq evi məzunlarının sahibkar kimi gələcəkdə fəaliyyətlərinə öz tövhəsini verməkdir. Düşərgənin ilk günü Şəhidlər Xiyabanı ziyarət edilib. DMA əməkdaşı
Toğrul Ələkbərin təqdimatında karyera planlaması, iş axtarışı üsulları, peşə seçimi, aktiv məşğulluq tədbirləri və sahibkarlığa dəstək mövzularında seminarlar təşkil olunub. Bundan əlavə gənclərimiz Şamaxı Astrofizika Rəsədxanasında, Dəmirçi Arxeoloji muzeyində, Safari Parkında və Şamaxı Diyarşünaslıq muzeyində olublar. “Şəhid övladları ilə bir gün” şüarı altında şəhid İsaxan Qəniyevin övladları ilə yaddaqalan bir gün keçirilib.
Layihənin davamı olaraq Dövlət Məşğulluq Agentliyinin dəstəyilə layihə iştirakçıları üçün 3 aylıq müxtəlif sahələrdə peşə hazırlığı kursları təşkil ediləcək. 3 ay ərzində intensiv peşə hazırlıq kurslarında iştirak edən gənclər, kursu uğurla bitirəcəkləri təqdirdə Agentlik tərəfindən işlə təmin olunacaqlar. Həmçinin təhsil aldıqları 3 ay müddətində layihə iştirakçılarına günlük xərclərin qarşılanması üçün hər ay 250 azn təqaüd təqdim olunacaq.