“Könüllülük – həyat tərzimizdir!” layihəsi çərçivəsində onlayn təlim keçirilib – Fotolarbackend

29 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Koronavirus (COVID-19) pandemiya dövründə “Könüllülük- həyat tərzimizdir!” devizi altında maarifləndirmə və sosial yardım tədbirlərinin təşkili layihəsi çərçivəsində onlayn təlim keçirilmişdir.

Onlayn təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, layihənin təlimçisi, “GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri Rəşad Bayramov və 60 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin mahiyyəti, əhəmiyyəti, gənclər üçün faydası və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi koronavirus (COVID-19) pandemiya dövründə gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, onlarla onlayn görüşlərin keçirilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. P.Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların keçirilməsi, pandemiya dövründə işsiz qalmış, ehtiyacı olan ailələrə ərzaq və tibbi yardımların göstərilməsidir.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, Azərbaycan gəncliyi müasir peşələr, onlara təlabat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşə yönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması bəndinə əsasən gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması dövlətimizin başçısının əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti ilə son illərdə ölkəmizdə təşkil olunan onlarla mötəbər tədbirdə təşkilatçılığın dayağı olan, könüllü ruhu ilə yaşayan insanların əməyinə verilən daha bir yüksək qiymətdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf ediblər. Nəcəf Novruzov eyni zamanda vurğuladı ki, bildiyiniz kimi hazırda bir sıra dünya ölkələrində geniş yayılmış və COVID-19 adlandırılan yeni növ koronavirusun səbəb olduğu infeksion xəstəlik ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində aşkar olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatı (“ÜST”) 2020-ci ilin mart ayında koronavirus infeksiyasını pandemiya olaraq qəbul etmiş və nəticədə dünyanın əksər ölkələri xüsusi rejim, karantin, fövqəladə hal və s. bu kimi ciddi tədbirlər görməyə məcbur olmuşdur. N.Novruzov qeyd etdi, İdarə tərəfindən karantin rejiminində bir çox onlayn tədbirlər həyata keçirilib.
Daha sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov yaradılan şəraitə görə layihənin təşkilatçılarrına təşəkkürünü bildirdi və vurğuladı ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir, könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. İməcliklərlə bir‐birinin evini tikən, torpağını şumlayan ataların, toplaşıb birlikdə şəkərbura bükən, təmizlik işləri görən anaların övladları olaraq, biz bu gün bütün dünyada böyük vüsət almış könüllülük hərəkatının öncülləri sırasına qədər gəlmişik.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş “GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülərin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verdiklərini vurğulayan R.Bayramov qeyd edib ki, Prezident Cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən bütün Azərbaycan gəncliyi faydalanacaq. Azərbaycan gənclərinin könüllülük sıralarında təmsil olunması ümumrespublika səviyyəsində daha da geniş vüsət alacaq. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi; uşaqlar və gənclərlə işlərin aparılması; mədəni tarixi sərvətlərin qorunması; ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması; insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği.
Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

İctimai.az