Lerikdə torpaq sürüşməsi aktivləşib: Üç ev qəzalı vəziyyətə düşübbackend

Lerikdə torpaq sürüşmə zonalarında aktivləşmə var, 3 ev qəzalı vəziyyətə düşüb.

“Report”un cənub bürosunun məlumatına görə, təhlükə daha çox rayonunun Hamarmeşə kəndində müşahidə olunur.

Belə ki, son vaxtlar yağan intensiv yağışlar səbəbindən kəndin yuxarı məhəlləsindəki sürüşmə zonasında 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Ümumilikdə, kəndin yuxarı məhəlləsində məskunlaşan 15 ailə və 120 şagird yerlik məktəb binası üçün də təhlükə qaçılmazdır.

Sakinlərin sözlərinə görə, torpaq qatı evlərin divarına dirənib və hər an fəlakətə səbəb ola bilər. Əsas divarlarda dərin çatlar əmələ gəlib. Evdə yaşamaq təhlükəli olduğundan uşaqları yardımçı tikilidə saxlayırlar.

Qeyd edək ki, sözügedən ərazidə sürüşmə ötən ildən qeydə alınıb. Ərazidəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti orqanlar məlumatlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerində araşdırma aparıblar. Digər sənədlər də toplanaraq FHN-ə təqdim edilib. Yerli bələdiyyə daxili imkanları hesabına 30 metr məsafədə istinad divarı inşa etdirsə də, torpaq qatı istinad divarını yerindən qoparıb.