Milyonların “ASAN” qapısıbackend

Ölkəmiz yeni müstəqillik əldə etdikdən sonra zaman keçdikcə əhalinin rifahının yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması və müraciətlərin həll edilməsi istiqamətində bir sıra vacib tədbirlər görülsə də, bəzən vətəndaş sıradan bir məsələ ilə bağlı müraciət etmək, hər hansı bir sənədi əldə etmək üçün günlərlə növbə gözləyir və ya bir neçə quruma müraciət etməli olurdu. Bu da əlavə zaman, pul itkisi, stress, yorğunluq demək idi. Əfsuslar olsun ki, bir çox sahələrdə vətəndaşlar bu hisləri uzunmüddət yaşamalı oldu. Vətəndaşların problemlərinin qısa zamanda və operativ şəkildə aradan qalxacağı bir model tələb olunurdu ki, bu da 10 il öncə yaradıldı. Bu model nəinki ölkəmizdə, dünyada unikal bir model olacaqdı.

ASAN model

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində ASAN Xidmət mərkəzləri yaradıldı. Təbii ki, Prezidentin xüsusi nəzarətində olan ASAN modelinin uğursuz olması mümkünsüz idi ki, qeyd etdiklərimiz özünü bir daha təsdiq etdi. Fəaliyyətə başladığı ilk dövrlərdən etibarən istər paytaxt, istərsə də region əhalisinin üz tutduğu mərkəzlərə çevrilən ASAN xidmət mərkəzlərində bugün demək olar ki,  vətəndaşları əhatə edən əksər sahələr üzrə çevik, operativ və şəffaf şəkildə xidmətlər göstərilir.
ASAN modelin digər vacib bir nümunəsi isə Səyyar ASAN xidmətləridir. Hazırda ASAN xidmət mərkəzləri olmayan ərazilərdə fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusları və qatarlarında bütün növ xidmətlər üzrə mərkəzlərdə olduğu kimi fəaliyyət göstərilir.
Bundan savayı əhali üçün xüsusi məqamlardan biri olan kommunal problemlərin aradan qaldırılması istiqamətində yaradılan ASAN Kommunal mərkəzləri mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan ABAD – Ailə Biznesinə Asan Dəstək layihəsidir.
Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir ki, bu da ASAN modelin necə innovativ və böyük maraqla qarşılanan model olduğunu bir daha sübut edir. Təsadüfi deyil ki, milli brendimiz və modelimiz olan ASAN xidmət təkcə vətəndaşlarımız tərəfindən deyil, bir çox beynəlxalq qurumlar tərəfindən də dəstəklənir və bu modelin tətbiqi ilə əlaqədar Azərbaycana müraciət edir. Bununla yanaşı ASAN modeli 10 il ərzində bir çox sahələrdə beynəlxalq mükafatlara da layiq görülüb.

QarabağdASAN!

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Müzəffər Azərbaycan Ordusu tarixi ədalət bərpa edərək Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq 30 il ərzində işğalda olan torpaqlarımızı işğaldan azad etdi. Təbii ki, bundan sonra ən vacib məsələlərdən biri də keçmiş məcburi köçkünlərin öz torpaqlarına qısa zamanda qaytarılması idi. Böyük Qayıdış istiqamətində sürətli şəkildə bərpa işlərinə start verən dövlətimiz qısa zamanda ilk məcburi köçkünləri 2022-ci il ərzində öz doğma torpaqlarına Zəngilana, Ağalı kəndinə yola saldı. Artıq Ağalıda həyat yenidən qayıtdı və orada yaşan sakinlər üçün ilk addımlardan biri məhz ASAN xidmətdən gəldi. Avqust ayında Zəngilanda Səyyar Asan xidmət fəaliyyət göstərməyə başladı. Bu həm də tezliklə digər işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayacaq ASAN xidmətlərin simvolu oldu.

10 yaşındASAN!

10 il ərzində paytaxt Bakı şəhəri və bölgələrimizdə ümumilikdə 60 milyondan çox edilən müraciətlər, aparılan sorğulara əsasən vətəndaşların mütləq əksəriyyətinin müsbət qarşıladığı ASAN xidmət mərkəzləri xalqımızın problemlərini qısa, operativ şəkildə həll etmələri üçün ASAN qapısına çevrildi.
Burada çalışan hər bir ASAN nümayəndəsini yubileyləri münasibəti ilə təbrik edir, fəaliyyətlərində hər zaman uğurlar arzu edirik. İşlərimiz ASAN olsun!

Rəşad Bayramov

İctimai.az