Müasir dövrdə aqressiyanın səbəbləri və təsirləri nələrdir? – Psixoloqdan AÇIQLAMAbackend

Cəmiyyətdə son zamanlarda artan xoşagəlməz hallar sırasında xüsusilə insanlar arasında aqressiv vəziyyətin yüksəlməsi, şiddətli gərginliklər müşahidə olunmaqdadır. Son günlər bununla bağlı baş verən neqativ hadisələr artmaqdadır. Mövcud durumun yaranma səbəbləri, təsirləri barədə psixoloq Günel Axundovanın fikirlərini nəzərinizə çatdırırıq.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Günel Axundovanın sözlərinə görə, son 2-3 ildir ki insanların daha çox aqressiv davranışlar sərgilədiyinin şahidi oluruq. Ekspertlər bu halları əsasən pandemiya ilə əlaqələndirirlər. Bundan əlavə, bahalaşma və inflyasiya da vacib amillər arasında yer alır.

Pandemiya zamanı uzun müddətli qapanmalar səbəbilə bir çox insan işsiz qaldı; iş yerlərinin bağlanması, stress faktorlarının artması, eyni zamanda psixoloji problemlərin aktuallaşması mövcud vəziyyəti daha da qəlizləşdirdi.
Amma təbii ki, hər şeyi pandemiyaya bağlamaq olmaz. Biz daha öncə də bu kimi problemlərlə rastlaşmışıq. Sadəcə, pandemiya insanlarda bu problemlərin yaşanma sıxlığını artırdı. İnsanlarda təşviş pozuntuları, obsessiyalar, sosial adaptasiya kimi problemlər daha qabarıqlaşdı.

Yeni sistemdən ən çox təsirlənən ailələr oldu. Çünki ailələr daha çox birgə vaxt keçirmək məcburiyyətində qaldı. Qapanma dövründə boşanmaların sayı artdı. Uşaqlarda zərərli vərdişlər yarandı, planşet, telefondan asılılıq halları artdı. Tam tərsi olacağını gözləsək də, normal həyata qayıtdıqda təkrarən bu problemlərin iki qatı ilə üzləşdik. İşə adaptasiya, uşaqların məktəbə qayıdışı böyük bir problemə çevrildi. Təbii ki, bununla bağlı istər psixoloqlar, istərsə də məktəb müəllimləri və iş strukturları tərəfindən adaptasiya prosesini sürətləndirmək üçün müvafiq addımlar atıldı. Lakin görünən odur ki, hələ də atılan addımların effektivliyi öz təsdiqini tapmayıb.

Pandemiyada açıq-aşkar sosial problemlərin artışı müşahidə edildi. İstər nəqliyyatda, istərsə də iş yerlərində, marketlərdə məsafə saxlamaqdan başlayaraq, insanların maskanı düzgün istifadə edib-etməməsinə qədər tətbiq olunan qorunma sistemləri, cərimələr insanlarda qıcıq yaratmağa başladı. Məsələn, yaxın günlərdə rastlaşdığımız hadisə; küçədən keçən qadınları fiziki şiddətə məruz qoyan şəxs bildirdi ki, bu onun hobbisidir. Təbii ki, bu şəxsin psixoloji vəziyyətinin qeyri-stabilliyi heç kimdə şübhə doğurmur.
Bu tərz problemlərlə qarşı-qarşıya qalmamaq üçün psixoloji maarifləndirmə işləri artırılmalıdır, bu da öz növbəsində ehtiyac olduğu təqdirdə hər kəsin psixoloqa müraciət edə biləcəyi faktını cəmiyyət arasında normallaşdırmağa kömək edəcəkdir. Bəli, biz normal olaraq hər hansı fiziki ağrı zamanı müvafiq həkimə müraciət edirik, lakin, bəzi narahatlıqların da kökündə sırf psixosomatik faktorlar olduğunu unutmamalıyıq. Bəzən ürək çarpıntısı olan insanların panik atak keçirdiyindən xəbərləri olmaya bilər. Buna görə də insanlar psixoloqlara müraciət etməyi, konsultasiya olunmağı da ehmal etməməlidir. Sevindirici haldır ki, son illər insanlar psixoloji konsultasiyalara daha adekvat yanaşmağa başlayıb. On il öncə psixoloqa bu qədər müraciət yox idi. Çünki hər kəs psixoloqu dəli həkimi adlandırırdı, utanırdı, gəlmirdi, gizlədirdi.

Necə ki, inkişafın zirvəsi sayılan Qərbdə hər ailənin psixoloqu olur, düşünürəm ki, ölkəmizdə də ruhumuzun sağlam olması üçün profilaktik qaydada psixoloji konsultasiyalara üz tutmalıyıq.