Nadir Adilman ilə Nərimanov könüllülərinin onlayn görüşü keçirilib – Fotolarbackend

19 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilman ilə Nərimanov könüllülərinin 2020 – Könüllülər ili çərçivəsində “Könüllülünün öz/əl kitabı” adlı onlayn görüşü keçirilmişdir.

Onlayn görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilman və fəal gənclər iştirak etmişdir.
Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi, onları cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməsi, gəncləri maraqlandıran sualların cavablandırılması olmuşdur.

Onlayn görüşü giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov görüş iştirakçılarını salamladı və qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. N.Novruzov vurğuladı ki, gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Biz də gənclərimizin inkişafı üçün daim çalışır və onlar üçün daha yaxşı şərait yaradırıq. Bu qərar gələcəkdə bizə daha yaxşı imkanlar yaradacaq. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi dövlətimizin, Prezidentimiz Cənab İlham Əliyevin gənclərə diqqət və qayğısının nəticəsidir.

Sonra çıxış edən hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilman “Könüllülünün öz/əl kitabı” adlı kitabından söhbət açdı və qeyd etdi ki, danılmaz faktdır ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclərin Birinci Forumunun keçirilməsi Azərbaycanda könüllülük fəaliyyətinə böyük təkan verdi. Bu forumdan sonra gənclər ictimai işlərdə daha aktiv rol oynamağa başladılar. Forumdan sonra keçən müddət ərzində könüllülüyün bir hərəkat kimi geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Uğurlu daxili siyasət nəticəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan dövləti bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Bu dəstək könüllü fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması, onun həyata keçirilməsinə maddi dəstəyin göstərilməsi, könüllülərin dövlət əhəmiyyətli tədbirlərə cəlb edilməsi və digər fəaliyyət müstəvilərində təzahür edir. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu könüllülük hərəkatını istiqamətləndirən əsas sənəd olaraq, bu gün də ölkə gənclərinə gələcəyin yolunu göstərir.

Görüş zamanı iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması qeyd olunmuşdur.

İctimai.az