Şimali Atlantika Alyansının (NATO) quru qoşunlarının qərargahı Finlandiyanın Mikkeli şəhərində – Sankt-Peterburqdan 304 kilometr və Rusiya ilə sərhəddən 100 kilometr aralıda peyda olacaq. Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mikkelidəki Finlandiya hərbi komandanlığı NATO komandanlığının yeri (qərargah – redaktorun qeydi) üçün açıq seçim idi. Bu iki yeri birləşdirməklə biz milli müdafiəmizin koordinasiyası ilə NATO-nun müdafiə imkanlarının koordinasiyası arasında mümkün olan ən yaxşı sinerjiyə nail oluruq”, – deyə Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib.
Onun sözlərinə görə, bu qərar “hərbi rəyə” əsaslanıb. Hakkänen qeyd edib ki, Finlandiyada belə bir qərargahın yaradılması Şimali Atlantika Alyansının Helsinki təcrübəsini tanıdığını və ona etibar etdiyini göstərir.
Yeni qərargah Norfolkdakı birləşmiş qüvvələrin komandanlığı altında Şimali Avropada NATO quru qüvvələrinin hərəkətlərini planlaşdıracaq, hazırlayacaq və istiqamətləndirəcək, departament vurğulayır.















