Nigar Rahmanova : “Dayanıqlılığı sevən, lakin durğunluğa nifrət edən xarakterim var” – MÜSAHİBƏ backend

Sevmədiyim işlə məşğul olmuram. Əgər nəyisə edirəmsə, ona böyük sevgi, hədəf və motivasiya ilə yanaşıram.  

İctimai.az gənc yazar, “Saat Store” mağazalar şəbəkəsinin marketinq meneceri Nigar Rahmanova ilə müsahibəni təqdim edir.

– Nigar xanım, oxuyucularımızın daha yaxşı tanıması üçün özünüz haqda məlumat verərdiniz.

– Salam, Rəşad bəy. İlk olaraq, diqqətiniz üçün sizə təşəkkürümü bildirirəm.

Mən Nigar Rahmanova, 25 yaşım var. Azərbaycan Dillər Univesitetində Fililogiya və Jurnalistika Fakültəsinin İngilis dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışam. Təhsil aldığım illərdə universitetin Tələbə Gənclər Təşkilatında Linqvistika Klubunun sədri kimi fəaliyyət göstərmişəm. Həmçinin bir sıra beynəlxalq layihələrdə könüllü olaraq xidmət etmişəm. “Baku 2015 European Games”-də könüllü tərcüməçi fəaliyyətim mənə gözəl təcrübə oldu.

Universiteti bitirdikdən sonra özümü ixtisasımdan fərqli bir sahədə sınamaq istədim. Onsuz da dil biliyimi hər sahədə istifadə edə biləcəyimi düşündüm və marketinq sahəsi üzrə təcrübə keçdim, kurslara qatıldım. Belə deyək, həm işlədim, həm də öyrəndim. Hələ də öyrənməyə davam edirəm. Hazırda “Saat Store” mağazalar şəbəkəsində marketinq meneceriyəm, həmçinin partyorlarla iş üzrə də fəaliyyət göstərirəm. İxtisasım hələ də işimdə mənə çox kömək olur. Bununla yanaşı, 1Lady.az saytında köşə yazarı olaraq da fəaliyyət göstərirəm. Filologiya ixtisası insanda yaradıcılıq qabiliyyətini genişləndirir, həmçinin yaradıcı sahələrə çevik adaptasiyanı aşılayır. Marketinq və reklamın isə ən başlıca özəlliklərindən biri də yaradıcı ruhdur, hesab edirəm.

– İndiyə kimi müxtəlif sahələrdə fəaliyyət göstərmisiniz. Lakin bəzi gənclər sabit bir iş yeri və bir istiqamətlə kifayətlənirlər. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

Dayanıqlılığı sevən, lakin durğunluğa nifrət edən xarakterim var. Mənim üçün öyrənmək heç vaxt kifayət deyil. Hesab edirəm ki, işində professional o əməkdaşa deyilir ki, o, məhdud sfera ilə kifayətlənməsin. Universitet illərimi də nəzərə alsam, bu günə kimi fərqli sahələrdə özümü sınamışam. Universitet illərimdə təşkilatçılıq və komanda ilə işləmək qabiliyyətimi inkişaf etdirmişəm. Daha sonra isə marketinqə keçid etmişəm. Hətta müəllimlik təcrübəm də var. Bir müddət uşaqlara ingilis dilini də öyrətmişəm. Əslində, uşaqlara öyrətmək çox çətindir. Həm səbrli, həm anlayışlı, həm də əyləncəli olmalısan. Onları idarə edə bilirsinsə, deməli, başqa sahələrdə də stressi düzgün idarə edə biləcəksən. Yəni, bütün bu təcrübələrimin mənə xeyri olub ki, ziyanı qətiyyən olmayıb. Hazırda isə istədiyim, sevdiyim işi görürəm. Əgər sevməsəm, o işi heç vaxt edə bilmərəm. Artıq özümü marketinqdən fərqli bir sahədə görmürəm. Özümü bu işdə tapmışam. Amma hələ də hesab edirəm ki, öyrənməli olduğum şeylər çoxdur. Ona görə də kurslar, təlimlər davam edir.

Əgər sevdiyin işi görürsənsə və sevdiyin insanların arasındasansa, həmçinin işin özü səni inkişafa sövq edirsə, sabit iş yeri çox yaxşıdır, məncə.

 – Çalışdığınız iş mühitində daha çox hansı kriteriyalara diqqət edirsiniz?

– Gözəl sualdır. Ümumiyyətlə, mən işimə eşqlə yanaşan adamam. Sevmədiyim işlə məşğul olmuram. Əgər nəyisə edirəmsə, ona böyük sevgi, hədəf və motivasiya ilə yanaşıram. Lakin işin formalaşmasında və nəticənin əldə edilməsində işin mühiti çox böyük rol oynayır. Mənim özüməməxsus dəyərlərim var və onlarla yaşayan insanam. Belə desək, həmin dəyərlərə prinsip olaraq baxıram. İş mühitində də dəyərlər və onların uzlaşması mənim üçün ən başlıca cəhətdir. Saat Store kollektivinin mənə çox doğma olmasının səbəbi də budur. Bizim kollektiv olaraq formalaşdırdığımız dəyərlərimiz var və komandaya qatılan hər yeni əməkdaşa da o gözəl dəyərlərimizi aşılayırıq. Bizim üçün inkişaf, ədalət, düzgünlük və motivasiya ən önəmli faktordur. Sonuncunu xüsusi vurğulamaq istəyirəm, çünki mənə görə, şirkət əməkdaşı motivasiya etmirsə, nəticə gözləmək faydasızdır.

 – Mediada müntəzəm olaraq ictimai-sosial yazılarla çıxış edirsiniz. Bu yazıların əsas hədəf kütləsi kimlərdir və hansı istiqamətləri əhatə edir?

– Bəli, yuxarıda da vurğuladığım kimi, hazırda 1Lady.az-da köşə yazarı olaraq fəaliyyət gostərirəm. Sevərək edirəm. Maraq sahəm və ixtisasım üst-üstə düşüb deyə ixtisasımdan doğan yaradıcılıq sevgim olub həmişə. Yazılarımı da yazmaq xətrinə etmirəm. O an ilham gəlir və yazırsan. Yazılarım əksərən incəsənət, ədəbiyyat, motivasiya, sevgi və bir sıra ictimai-sosial mövzular üzrə olur. Konkret kütləni hədəf almıram. Bir dəfə mənə sual vermişdilər ki, necə yazırsan, bizə də öyrət. Yazmaq üçün yazdıqlarını hiss etmək, yaşamaq lazımdır. Bu cümləmi çox sevirəm: “Bəzən nəsə yazırsan, hamı çox bəyənir, alqışlar deyir. Heç kimin ağlına gəlmir ki, o alqış dolu misranın, yazının hər bir sözündə onu hərfbəhərf içdən yaşamış biri dayanır”. Yəni, mən sadəcə hiss edirəm, yazıram, maraqlı olanlar da çox sağolsunlar, oxuyurlar. Beləliklə, yazının mövzusundan asılı olaraq, oxucu kütləsi də dəyişə bilir.

 – Biraz da gələcək planlarınız haqqında məlumat verərdiniz.

– İnkişaf, inkişaf və yalnız inkişaf. Düz xətt üzrə fəaliyyət mənlik deyil. Qoy o düz xəttdə düşüşlər və qalxışalr olsun, amma sonda inkişafa hədəfli olsun. Gələcək planlarımda özümü istədiyim şəkildə inkişaf etdirmək və təbi ki, bunları öz işimə tətbiq etmək dayanır.

 – Sonda, bizlərə və oxucularınıza fikirləriniz.

– İlk olaraq, müsahibə üçün, Rəşad bəy, sizə təşəkkür edirəm. İkincisi isə müsahibəni sona qədər oxuduqları üçün oxuculara dərin təşəkkürlərimi bildirirəm. Həmçinin demək istəyirəm ki, hər zaman pozitiv olun, inamlı olun və sevgi  ilə qalın!

 – Maraqlı və səmimi müsahibəyə görə təşəkkürlər! 

İctimai.az