Ombudsman zorakılığa məruz qalmış qadının və övladlarının sığınacağa yerləşdirilməsində köməklik göstəribbackend
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətində hər zaman əhalinin müxtəlif qruplarının, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm verir.
Bir neçə gün əvvəl İmişli rayon sakini olan qadın gecə saatlarında Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edərək, məişət zorakılığından zərər çəkdiyini, təhlükədə olduğunu, iki azyaşlı övladı ilə birlikdə küçədə qaldıqlarını bildirib.
Ombudsman tərəfindən dərhal rayon icra hakimiyyətinə və yerli polis şöbəsinə müraciət edilib, həmin qurumların məsələyə operativ reaksiyası nəticəsində ana və övladları tez bir zamanda tapılaraq mühafizəsi təmin olunub, müvafiq binada gecələmələrinə şərait yaradılıb. Daha sonra sənədləşdirmə işi aparılaraq, qadın və övladları Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.
Səbinə Əliyevanın tapşırığına əsasən məsələ nəzarətdə saxlanılıb, Ombudsmanın əməkdaşları müəssisədə ana və onun övladları ilə görüşərək, onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.