“Ordunun nüfuzuna xələl gətirmək xalq və dövlət qarşısında cinayətdir” – ŞƏRHbackend

Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Biz gənclər bu gün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib ki, Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi.

Dövlətimizin başçısı vurğuladı ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq: «Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı».

Dövlət başçımızın istər müsahibələri, istər beynəlxalq səviyyəli görüşlərdə çıxışları, istərsə də ənənvi olan işğaldan azad olunmuş torpaqlara səfərlərindəki çıxışları biz gəncləri qürurlandırır. Biz gənclər xoşbəxt gənclərik. Çünki bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev «Dəmir yumruq!» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin nəticəsidir. Lakin bu gün 44 günlük Vətən Müharibəsində şanlı qələbələri ilə əbədi tarix yazan Azərbaycan Ordusu haqqında yalan informasiya verməklə Qalib ordumuzun nüfuzunu zədələmək, möhtəşəm Zəfərimizə kölgə salmaq cəhdləri hər bir Vətənini, xalqını, dövlətini, rəhbərini sevən azərbaycanlı gəncləri tərəfindən qətiyyətlə pislənilməli, qanun qarşısında cavab verməlidir. Çünki bu gün müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə malik güclü Azərbaycan ordusu var. Son bir neçə ildə ordu quruculuğunda görülən işlərin təhlilini aparsaq, görərik ki, ötən illər bizim üçün səmərəli, nailiyyətlərlə dolu və ordu quruculuğu prosesində başucalığı gətirən dövr olub. Ordu quruculuğunun bizim üçün ən başlıca və prioritet məsələ olduğunu vurğulayan Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığına əsasən kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə edə bilib. Bunun nəticəsidir ki, ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail ola bilib və güclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut edib. Ali Baş Komandanın atdığı uğurlu addımlar sayəsində Azərbaycanın iqtisadi qüdrətlənməsi hərbi büdcəmizin də sürətlə yüksəlməsinə səbəb oldu. Bu istiqamətdə artım tendensiyasının ölkəmizdə davamlı olması da qürurvericidir. Son bir neçə ildə ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Və bu gün biz qalib Orduyuq. Azərbaycan xalqı, o cümlədən ölkənini 23 faizini təşkil edən biz gənclər Qələbə sevinci yaşatmış Rəşadətli ordumuzla, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanımızla haqlı olaraq qürur duyuruq və Ali Baş Komandanın hər bir əmrini icra etməyə qadirik.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı