Pandemiya – fizioloji  durumumuzla yanaşı  psixoloji durumumuzu  necə qoruya bilərik?backend

Məqalə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi çərçivəsində yazılıb.

Bəşər tarixi boyunca insanlar müəyyən dövrlərdə çarəsi tapıla bilməyən və həyat üçün təhlükə yaradan xəstəliklərdən əziyyət çəkiblər. Hazırda son dövrün ən qorxulu pandemiyası Covid -19 -dur. Virus ilk yayıldığı günlərdə əvvəlcə ölkəmizdə rast gəlinməsə də, insanlara psixoloji baxımdan mənfi mənada öz təsirin göstərməyə başlayıbdır.
Sosial mediadan istifadə tezliyinə baxdıqda insanların daim pandemiya haqqında çoxlu səhv məlumatlara məruz qaldıqlarını görürük. Bu mövzuda paylaşılan vizual və yazılı məqalələr insanlarda yüksək səviyyədə stress, qorxu, təşviş, yuxu, qidalanma pozuntularının yaranma sıxlığı artırmağa başlayıb. Xüsusən, obsessiv kompulsiv pozuntudan əziyyət çəkən insanlarda təmizlik obsessiyasının son günlər hədsiz dərəcədə artdığı müşahidə olunur. Çünki, bu dəfə sabun və dezinfeksiyaedici maddələr bu insanlar üçün asılılıq halı yaradıb.
Əlbəttə, insan fiziologiyası ilə psixologiyası bir vəhdət təşkil etdiyi üçün, insanın fizioloji durumu ilə bağlı psixoloji narahatlıq keçirməsi təbii haldır.
Bir tərəfdən bu qədər narahatlıq və qorxu bizi virus haqqında daha çox məlumat əldə etməyə və buna görə hərəkətə keçmək və özümüzü qorumaq yollarını araşdırmağa vadar edir. Bu fizioloji baxımdan müsbət haldır.
Ancaq, psixologiyamıza mənfi təsir edən, ən çox qorxudan şeylərdən biri də qeyri-müəyyənlikdir. Hələlik virusun müalicəsi olmadığı və buna görə də hər gün bir çox ölkədə ölüm hallarının artdığını eşitmək və ölkəmizdə görmək ölümlə bağlı ciddi qorxu yaradır. Bunun qarşısını almaq və psixologiyamızı qorumaq üçün pandemiya ilə bağlı məlumatlılığımızı artırmalıyıq.
Fiziki tədbirlərdən başqa psixoloji tədbirlər də görmək lazımdır. Bu vəziyyətdən qorunmaq üçün bir çox tədbirlərimiz var. Əlbətdə bu tədbirlər Səhiyyə Nazirliyi, tibb həkimləri və səhiyyə işçiləri tərəfindən izah edilir. Pandemiya haqqında heç bir təsəvvürünüz yoxdursa, Səhiyyə Nazirliyinin veb saytına daxil olaraq koronavirus (covid-19) haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Mənim toxunmaq istədiyim məqam vəziyyətin psixoloji ölçüsüdür.
Xüsusilə,son dövrdə qorxuların artdığını görürük. Qorxu və narahatlıq şüurun qatilləridir. Qorxu və narahatlıq hissi ilə özümüzü itirsək, koronavirusdan daha çox təşviş nəticəsində yaranan ziyanla qarşılaşmalı olacağıq.
Lakin, belə bir zamanda fizioloji durumumuzla yanaşı psixoloji durumumuzu necə qoruya bilərik? Nələr etməməliyik?
1.Riskli ( evlənmək, boşanmaq, ayrılmaq, iş dəyişmək və s.)kimi riskli qərarlar almamaq lazımdır. Çünki, stressin təsirindən insanlarda sürətli qərar vermək istəyi yarana bilər. Qısa zamanda alınan belə riskli qərarlar uzun müddətli peşmanlıqlara səbəb ola bilər.
2.Ətrafımızdakı insanlara mövzu haqqında yalnış məlumat və nümunələr danışaraq bir-birimizə təsir etməməyə və qorxutmamağa çalışmalıyıq.
3.Uşaqlarla etdiyimiz söhbətlərdə diqqətli olmalıyıq. Uşağınız sizin narahat və təşvişli olduğunuzu görsə, daha çox qorxmağa başlayacaq. Bu mövzuda uşağınızın yaşına uyğun olaraq qısa və real məlumat verməlisiniz. Onlara güvəndə olduqlarını hiss etdirin.
4. İlluziyalara qapılmamalıyıq. Təşviş motivlidir və həyatımızı davam etdirmək üçün gərəklidir, olmalıdır. Əvvəla, qorxu və narahatlıq yaşayırıqsa, düşüncələrimizi mütləq başqa nöqteyi-nəzərdən daha vahid bir yanaşma ilə idarə etməli və bu narahatlığı aradan qaldırmalıyıq.
5. Yaxınlarınızla ünsiyyəti kəsməyin. Belə hallarda sevdiyiniz insanlarla, xüsusən başqa ölkədə olan doğmalarınızla virtual ünsiyyəti artırın, bir-birinizlə psixoloji vəziyyətinizi bölüşün. Uyğunlaşama dövründə hər kəs bir-birinə dəstək olmalıdır.
6. Özümüzü aldatmayaq.
Koronavirus kimi həyatı funksiyalarımıza təsir edəcək ciddi bir təhlükə ilə üz-üzəyik.
Uzun müddət çölə çıxmadan evdə qalmaq, azadlığın məhdudlaşdırıldığı kimi düşüncə xətası etmənizə səbəb ola bilər. Bu prossesi evdə keçirdiyimiz zaman, qorxu və narahatlıq vəziyyətinin normal olduğunu qəbul etməliyik.
Evdə isə çoxdandır etmək istədiyiniz ancaq fürsət tapmadığınız işləri edin, həvəslə alıb, vaxt tapıb oxuya bilmədiyiniz kitabları oxuyun. Özünüzə sağlam qəlyanaltılar hazırlayın. Evdə edə biləcəyiniz məşqlər həm stresinizi azaltmağa, həm də toxunulmazlığınızı gücləndirməyə kömək edəcək. Evdə ailənizlə edə biləcəyiniz işləri planlaşdıraraq ailə üzvləri arasındakı əlaqəni gücləndirməyə çalışın. Əyləncəli bir mühitə çevrilən ev hər kəsə özünü daha yaxşı hiss etdirəcəkdir. Və ən əsası, bu duyğu və düşüncələrin çox yüksək həddə olması təşviş, panika kimi psixoloji pozuntulara yol açdığı qədər tam əksi heç bir şey olmamış kimi laqeyd davranmaq da ən az o qədər ciddi psixoloji problemdir.
Bir insanın məsuliyyətsiz düşüncə və davranışı bir ailənin, bir qəsəbənin, bir şəhərin və ölkəmizin pandemiyaya sürətlə yoluxması deməkdir.
Əmin olun, yanlış addım, yanlış düşüncə pandemiyadan daha qorxuludur!
Unutmayaq, Həyatınıza pozitiv düşüncəni dəvət etməkdən çəkinməyin. Siz istəsəniz, o mütləq gələcək.

Sona Davudova
“Loqos” PNİM –in Gəncə filialının baş uşaq psixoloqu,
klinik psixoloq

İctimai.az