2020-ci il Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişi ilə Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı davam edir. Sözsüz ki, bu prosesin təşkilində əsas qurumlardan biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hesab olunur.
Lakin təəssüflər olsun ki, illərdir bir neçə dəfə neqativ hallarla mediada işıqlanan Komitənin fəaliyyətində çatışmazlıqlar indi də müşahidə olunur.
Bugün məcburi köçkün olaraq müraciət etdiyim Komitəylə bağlı fikirlərimi nəzərinizə çatdırıram:
İşğaldan azad olunmuş ərazilərə qayıdacaq olan keçmiş məcburi köçkünə hansı mərhələdə köçəcəyini dəqiqləşdirilməsi məqsədilə ötən ayın sonunda yazılmış ərizəyə 1 aydır ki, heç bir cavab gəlməyib və beləliklə, vətəndaşın ailə üzvü (yəni mən) Komitəyə müraciət edib.
Müraciət zamanı vətəndaş Komitəyə daxil olduqda, vətəndaşların müraciətini cavablandıracaq səlahiyyətli şəxslərin masa başında olmadıqlarını, cəmi 1-2 nəfərin orada olması ilə qarşılaşıb. Həmin müddətdə bəzən ümumiyyətlə heçkim olmayıb.
Foto saat 16 radələrində çəkilib.
Komitənin əməkdaşlarından biri vətəndaşın müraciətini qeydə alıb və cavab məqsədilə vətəndaş 35 dəqiqədən çox gözləməli olub. 1 ay öncə vətəndaşın köçməsinin hansı mərhələdə olacağını bilmək üçün edilən müraciətə cavab isə sadəcə şablon olub. Cavab məktubunda vətəndaşa köçəcəklərini və bunun mərhələli şəkildə olacağı bildirilib. Hansıki, vətəndaşla ilin əvvəlində onun öz yurd-yuvasına köçməsi ilə bağlı protokol imzalanıb. Bu cavab veriləcəkdisə, vətəndaş bir ay niyə gözləməli olub?
Daha sonra həmin əməkdaş tərəfindən Komissiyanın sədri Eldar Zeynalovun qəbuluna yazılmağın qarşıdakı bir neçə ay ərzində mümkün olmayacağı, vətəndaşların çoxsaylı qəbula yazıldığı və qeydiyyatdan keçmək üçün bu məsələlərə baxan Fuad müəllimlə görüşmələri bildirilib. Lakin qeyd olunan şəxs otaqda olmadığı üçün gözləməli olan vətəndaş Komitəni tərk etməyə məcbur olub.
Belə mühüm əhəmiyyətli bir proses çərçivəsində bir vətəndaşın bu qədər çətinliklərlə qarşılaşması heç də xoş hal deyil.
İllərdir həsrətində olan məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müraciətləri necə təbii haldırsa, Komitənin əməkdaşlarının bu prosesdə daha operativ və peşəkar fəaliyyəti bir o qədər təbii haldır.
Rəşad Bayramov