Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Qarabağ 360” layihəsinin növbəti təqdimat mərasimi Gəncə Regional Turizm İdarəsində baş tutub.
Tədbirdə idarənin rəhbərliyi, turizm sahəsində çalışan mütəxəssislər, yerli media nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib.
Təqdimat zamanı layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. Bildirilib ki, “Qarabağ 360” layihəsinin əsas hədəfi işğaldan azad edilmiş ərazilərin real vəziyyətinin VR (Virtual Reallıq) texnologiyası ilə sənədləşdirilməsi, 360 dərəcəlik görüntülərlə rəqəmsal arxiv yaradılması və Qarabağ həqiqətlərinin həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə müasir texnoloji üsullarla təqdim olunmasıdır.
Layihə çərçivəsində 8 şəhər üzrə 36 strateji görüntü nöqtəsində müxtəlif abidələr, tarixi və dini irs nümunələri, dağıdılmış yaşayış məntəqələri, bərpa olunan ərazilər, təbiət və turizm məkanları 360 dərəcəlik video formatında qeydə alınıb. Bu materiallar VR texnologiyasına inteqrasiya edilərək xüsusi eynəklərlə interaktiv izləmə imkanı yaradılıb.
Gəncə Regional Turizm İdarəsində keçirilən təqdimatda iştirakçılara Qarabağın müxtəlif rayonlarından əldə olunmuş VR görüntüləri nümayiş etdirilib. Qonaqlar Zəngilan, Füzuli, Cəbrayıl, Şuşa, Kəlbəcər və digər bölgələrə virtual səyahət edərək ərazilərin mövcud vəziyyəti ilə əyani şəkildə tanış olublar.
İdarənin rəhbərliyi layihənin turizm sektorunun inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. Qeyd edilib ki, “Qarabağ 360” layihəsi regionun turizm potensialının tanıdılması, Qərbi Azərbaycan və Qarabağ istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi, həmçinin gələcək turizm marşrutlarının planlaşdırılması baxımından mühüm məlumat bazası yaradır.
Tədbirdə bildirilib ki, layihənin növbəti mərhələsi gənclər, ali təhsil müəssisələri və müxtəlif sosial qruplar üçün virtual səyahətlərin təşkilini nəzərdə tutur. Sonda layihənin yekununda dövlət qurumları, millət vəkilləri və diaspor nümayəndələri üçün geniş miqyaslı təqdimat mərasimi keçiriləcəyi qeyd olunub.















