Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Qarabağ 360” layihəsinin növbəti təqdimatı Gəncə şəhər Nizami Bələdiyyəsində keçirilib.
Tədbirdə bələdiyyə sədri, bələdiyyə üzvləri, yerli icra strukturlarının nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak edib.
Təqdimat zamanı layihənin məqsədləri, görülmüş işlər və əldə olunan nəticələr haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “Qarabağ 360” layihəsinin başlıca hədəfi işğaldan azad edilmiş ərazilərin hazırkı vəziyyətini müasir VR (Virtual Reallıq) texnologiyası ilə 360 dərəcəlik formatda sənədləşdirmək, rəqəmsal arxiv yaratmaq və Qarabağ həqiqətlərini cəmiyyətə daha aydın və interaktiv şəkildə çatdırmaqdır.
Layihə çərçivəsində 8 şəhərdə 36 görüntü nöqtəsində aparılan çəkilişlər nəticəsində tarixi abidələr, dini-mədəni irs nümunələri, dağıdılmış yaşayış məntəqələri, təbiət və turizm obyektləri yüksək dəqiqlikli 360° video formatında qeydə alınıb. Toplanmış materiallar VR texnologiyasına inteqrasiya edilərək xüsusi eynəklər vasitəsilə interaktiv baxış üçün təqdim edilir.
Gəncə şəhər Nizami Bələdiyyəsində keçirilən təqdimatda iştirakçılar VR eynəkləri vasitəsilə Qarabağın müxtəlif bölgələrinə virtual səyahət ediblər. Onlar Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl və digər ərazilərin real vəziyyətini 360 dərəcəlik görüntülərlə izləyərək Qarabağın müharibədən sonrakı mənzərəsini əyani şəkildə müşahidə ediblər.
Bələdiyyə rəhbərliyi layihənin yerli icmaların maariflənməsində və Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, “Qarabağ 360” layihəsi həm tarixi yaddaşın qorunması, həm də gənclər arasında vətənpərvərlik təbliğinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə iştirakçılara layihənin növbəti mərhələləri barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində digər şəhər və rayonlarda da virtual səyahət təqdimatları davam etdiriləcək və layihənin sonunda dövlət qurumları, millət vəkilləri, diaspor nümayəndələri üçün genişmiqyaslı yekun təqdimat təşkil ediləcək.


















