Qərbi Kaspi Universiteti tələbənin müraciətinə baxmır – ŞİKAYƏTbackend

Mövcud pandemiya səbəbilə orta və ali təhsil müəssisələri fəaliyyətlərini distant formada davam etdirməkdədir. Bir sıra kollec və universitetlər Pandemiyanın təsirlərini nəzərə alaraq bir çox tələbələrə müxtəlif formada güzəştlər edib. Buna baxmayaraq, bəzi universitetlərdən şikayətlər daxil olmaqdadır.

Son zamanlar müxtəlif səbəblərlə adı tez-tez hallanan universitetlərdən biri olan Qərbi Kaspi (keçmiş Qərb) Universitetindən şikayət var.
Bu barədə həmin universitetin tələbələrindən biri İctimai.az-a bildirib.
“Bu ilin yanvar ayında Universitetdən burada təhsil almağımla bağlı iş yerim üçün arayış istədim. Universitetin əməkdaşı əvvəlcə bir neçə günə hazır olacağını və arayışın veriləcəyini bildirdi. Bir müddət keçdikdən sonra arayışı əldə etmək üçün yenidən müraciət etdim. Lakin arayışı hazırlayacaq şəxsin koronavirusa tutulduğunu, arayışı yalnız fevralda əldə edə biləcəyimi bildirdilər. Fevral ayında yenidən müraciət etdim və o gündən bu tarixə kimi müxtəlif bəhanələrlə arayışı təqdim etməkdən boyun qaçırırlar.
Bu həftə içi mənimlə əlaqə yaratdılar və qalan təhsil haqqının ödəniləcəyi təqdirdə arayışı verə biləcəklərini bildirdilər. Halbuki mən 3 aya yaxın müddətdir ki, arayışın təqdim edilməsi barədə müraciət etmişəm. Təhsil haqqımı ödəməyəcəyəm deyə heç zaman etiraz etməmişəm, lakin mənim tələbimin də təmin olunmasını istəyirəm. Bu səbəblərdən Universitetitdə təhsilimi dondurmağa qərar vermişəm. ”
Qeyd edək ki, ötən ilin sonlarına yaxın sosial şəbəkələrdə universitetin tələbələri tərəfindən onlar üçün edilən bəzi güzəştlərdən yalnız təhsil haqlarını ödəyənlərin yararlana biləcəyi barədə paylaşımlar edilmişdi.
Obyektivlik prinsipinə sadiq olaraq, mövcud şikayətlə bağlı Qərbi Kaspi Universitetinin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.