2 Fevral tarixi gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, hər zaman onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli liderin 1997-ci il fevral ayının 2-də imzaladığı Fərmana əsasən bu tarixi gün Ölkəmizdə Gənclər Günü elan edilib. Xüsusi qeyd etməliyik ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Dahi şəxsiyyət Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıraraq gənc nəslə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşırdı. Müstəqilliyini yenicə bərpa etmiş gənc dövləti dağılmaq və məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırılmasında ölkə gəncliyinin potensialına ehtiyac duyulduğunu hər kəsdən yaxşı bilir və düzgün qiymətləndirirdi. Məhz bu potenaislın reallaşdırılmasına şərait yaratmaq məqsədilə Ümummilli lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə bir çox mühüm sənədlər imzalamışdı. 1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Naziriliyi strukturunun yaradılması, gənclərlə bağlı Forumların, layihələrin, stimullaşdırıcı tədbirlərin və digər istiqamətdə həyata keçirilən bir çox təşəbbüslər qeyd edilənlərə nümunədir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın Gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Günbəgün uğurlara imza atan dövlətimiz regionun lider dövləti olmaqla yanaşı, eyni zamanda mütərəqqi gənclər siyasəti ilə də dünyada fərqlənir. Heç şübhəsiz ki, burada əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət Gənclər siyasəti əsas rol oynayır. Bu gün Ölkə başçısının rəhbərliyi ilə gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlərin həyata keçirilməsi təbii ki, dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu birbaşa dövlət gənclər siyasətinin effektivliyinin göstəricisidir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, potensialına inam hissi artıb və bu eyni zamanda hər bir Azərbaycan gəncində onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirib. Bəli, bizlər bu gün azad, Qalib ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Tam əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq və sözsüz ki, bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi Qalib ölkənin Qalib Lideri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir!.
Kənan Xəlilov;
Neftçala rayon gənci