Şahin İsmayılov: Hər bir dövlətin uğurlarının əsas amillərindən biri onun milli diplomatiyasıdırbackend

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılovun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı fikirlərini təqdim edir:

“Hər bir dövlətin uğurlarının əsas amillərindən biri onun milli diplomatiyasıdır. Diplomatiyamızın uğurları günbəgün artmaqdadır. Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatik siyasət regionda lider dövlətə çevrilməyimiz və dünya ölkələri arasında söz sahibi olmağımızla nəticələnib. Ölkəmiz beynəlxalq müstəvidə kifayət qədər böyük uğurlara imza atıb. Təbii ki, burada diplomatiyamızın xüsusi rolu var.

Ölkə başçısı hər bir sahəni və həmin istiqamət üzrə çalışan kadrları diqqətdə saxladığı kimi milli diplomatiyamızı da xüsusi diqqətdə saxlayıb. Cənab Prezident 2007-ci ildə Müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Bundan sonra hər il 9 iyulun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi bu sahədə çalışanlar üçün əlavə motivasiya və stimulverici hadisədir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə qarşı bir sıra dövlətlər və təşkilatlar əsassız kampaniyalar aparmağa çalışdılar. Cənab Prezidentin və Azərbaycan diplomatlarının peşəkarlığı bütün bu kampaniyaları iflasa uğratdı. Haqq savaşımız diplomatik meydanda da qələbə ilə nəticələndi. Haqq savaşımızın dəstəklənməsi də məhz diplomatik sahədə görülən çoxillik fəaliyyətin nəticəsidir.

Azərbaycan dövləti bütün istiqamətlər üzrə beynəlxalq əlaqələrin qurulması istiqamətində uğurlu addımlar atıb. Ölkəmiz mehriban qonşuluq siyasətinin həyata keçirilməsi, ölkələrarası dostluq əlaqələrinin qurulması, qlobal problemlərlə birgə mübarizənin aparılması və bir sıra uğurlu diplomatik fəaliyyətlə beynəlxalq müstəvidə böyük töhfələr verməkdədir. Azərbaycan diplomatiyası bir sıra dünya ölkələri üçün yeni bir model kimi qəbul edilə bilər”.