Şahin İsmayılov: Ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasət Brüsseldə bir daha bəyan edildibackend

Prezidentin Brüssel səfəri ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi. Bu səfər Azərbaycan Prezidentinin böyük nüfuza malik olması, onun regional liderliyi, ölkəmizin qalib dövlət kimi tanınması və sülh müqaviləsi ilə bağlı danışıqların, səmərəli əməkdaşlıq kimi əsas məsələlərin, o cümlədən münasibətlərin Azərbaycanın istədiyi formada qəbul olunması ilə xarakterizə edilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov ifadə edib.

O deyib ki, ölkəmizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Avropa İttifaqının rəsmi mövqeyi də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişlərin məhz bizim istədiyimiz formada inkişafını özündə ehtiva edir. Münasibətlərin normallaşdırılması isə regionda sülhün təminatı baxımından əhəmiyyətlidir. Azərbaycan dövləti əldə etdiyi qələbə ilə şərtləri diktə edən tərəfdir və qarşı tərəfdən heç bir siyasi və ya iqtisadi asılılığı yoxdur. Əksinə, Ermənistanın münasibətlərin normallaşdırılmasından asılılığı kifayət qədər çoxdur. Burada Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi və insanların dinindən, milliyyətindən asılı olmayaraq əmin-amanlıq içində yaşaması istiqamətində humanist addımlar atması aydın şəkildə görünür. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü maddələri qəbul etməklə sülh müqaviləsini imzalaya və bununla da ermənilərin gələcək taleyini müsbət mənada dəyişdirə bilərlər. Bu, onlar üçün böyük bir şansdır.

“Otuz ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxladığı zamanı təhlil etsək görərik ki, ulu öndər Heydər Əliyevin siyasi məktəbinin parlaq siması Prezident İlham Əliyevin hərtərəfli və uğurlu siyasətinin nəticəsində güclü dövlətə çevrilən Azərbaycan erməni tərəfinə bir neçə dəfə şans verdi. Bu şansları dəyərləndirmədikləri üçün ciddi məğlubiyyətlə üzləşdilər. Azərbaycan dövlətinin tələbləri nəzərə alınmaqla sülh müqaviləsinin imzalanması prosesi zəruridir. Əks halda, Ermənistan tərəfi bundan sonra daha böyük problemlərlə üzləşəcək. Ümid edirəm ki, Ermənistan əlinə düşən bu şansdan düzgün istifadə edəcək və yekun sənədin imzalanması üçün lazımi addımları atacaq”, – deyə Şahin İsmayılov bildirib.

O qeyd edib ki, Brüssel səfərində diqqət çəkən əsas məqamlardan biri də Müzəffər Ali Baş Komandanın liderlik xarizması və qalib dövlətin rəhbərinə xas olan diplomatik davranışları idi. Azərbaycan xalqı öz rəhbərinin fəaliyyətini qürurla izləyir və hər zaman onun yanındadır.