Deputat: Regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklərbackend

Təqvim günlərini tarixə çevirən həmin vaxt baş verən hadisələrdir. Heç şübhəsiz  ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri də tarixi hadisədir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlətlərimiz arasındakı münasibətlər xalqlarımızın dahi övladları Qazi Mustafa Kamal Atatürkün – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin – “Bir millət, iki dövlət” kəlamları ilə açıq-aydın ifadə olunmuşdur.

Bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa görüşünə münasibət bildirərkən deyib.

“Dünyanın gözü 2 qardaşın görüşündə idi. Bu qardaşlıq özündə milli-mənəvi və ortaq dəyərləri,  strateji tərəfdaşlıqları əks etdirir. Görüş həm də işğaldan azad edilən torpaqlara səfər edən ilk xarici dövlət başçısının məhz qardaş ölkədən gəlməsi ilə vacib bir mesaj ötürdü. 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş dövlət olan Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən  Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq nümunəsi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Cənab Prezident İlham Əliyevin dəvəti ilə cənab Rəcəb Tayyip Ərdoğanın Şuşa səfərini Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə qədəm qoyması kimi də şərh edə bilərik”” – deyə deputat qeyd edib.

Düşünürəm ki, bu səfər özündə 3 istiqaməti ehtiva edir: “Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir – strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar. İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibələri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Əks halda, Ermənistan proksi dövlət olaraq movcudluğunu davam etdirəcək. Üçüncüsü isə təbii ki, dövlətlərimiz arasında bağlanan strateji Şuşa müqaviləsidir. Bu müqavilə dövlətlərimiz arasında mövcud olan strateji münasibətləri daha da gücləndirərək növbəti mərhələyə qaldırdı”.

Şahin İsmayılov əlavə edib ki, Şuşadan region dövlətlərinə, o cümlədən, dünyaya çox açıq və aydın mesaj verildi – regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.