Şəhid ailələri üzvlərinə, müharibə əlillərinə və müharibə iştirakçılarına qayğı hər zaman diqqət mərkəzindədirbackend

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Həmin siyasətin mühüm tərkib hissələrindən biri də şəhid ailələri üzvlərinə, müharibə əlillərinə və müharibə iştirakçılarına diqqətdir. Bununla bağlı ölkə Prezidenti dövlət orqanları qarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlar verir, normativ hüquqi aktlar qəbul olunur, mövcud qanunvericilikdə dəyişikliklər edilir. Bu müqabildən olan şəxslərin sosial ödənişləri artırılır, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində və digər praktik tədbirlər həyata keçirilir. Müharibədən sonra “YAŞAT” Fondu yaradılıb ki, bu da həmin müqabildən olan ailələri daim diqqətdə saxlayır, onlara dəstək tədbirləri həyata keçirir.
Mayın 2-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etmələri, daha sonra isə Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsini ziyarət etmələri bu istiqamətdə aparılan işlərin daha bir nümunəsidir. Ramazan bayramı günündə həmin ziyarətin və açılışın baş tutması, orada 200 mənzil və 50 avtomobilin təqdim edilməsi ölkə başçısının idarəçilik konsepsiyasında həm də milli mənəvi dəyərlərimizə sadiqliyin dayanmasının daha bir təzahürüdür. Bu, onu göstərir ki, hər zaman bu məsələ də diqqətdə saxlanılır.
Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Vətən müharibəsindən sonra sosial sahədə görülən işlər daha böyük və geniş vüsət alıb: “Ötən il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında ötən il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin müqabildən olan ailələr daim diqqətdə saxlanılır. Ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir”.
S.Hüseynova qeyd edib ki, postmüharibə dövründə əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin rifahının yüksəldilməsinə yönələn sosial dəstək paketi 100 min nəfəri əhatə edib. Onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib. Ötən il 3 min, postmüharibə dövründə isə 3500 mənzil verilib. Ümumilikdə isə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin olunub. 7400 müharibə əlilinə isə avtomobil təqdim olunub. Vətən müharibəsinin 200 hərbçisi ümumilikdə isə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili isə reabilitasiya vasitələri ilə təmin edilib. Onların müalicəsi üçün reabilitasiya mərkəzlərində lazimi şəraitlər yaradılıb, həmin mərkəzlər son tələblər səviyyəsində avadanlıqlarla təchiz edilib. 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Cəmiyyətimiz tərəfindən həssaslıqla yanaşılan məsələlərdən biri də şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı olan məsələ idi ki, onunla da bağlı ölkə Prezidenti bir daha öz fikrini söylədi. Dövlətimizin başçısı şəhid Mahir Məmmədovun ailəsi ilə görüş zamanı bir daha qeyd etdi ki, bütün şəhidlərimizin adı əbədi olaraq yaşayacaq. Zəfər Muzeyinin inşa edilməsinə bu günlərdə start veriləcək. Həmin görüşdə Prezident İlham Əliyev azad edilmiş bütün şəhərlərimizdə Zəfər, İşğal muzeylərinin yaradılacağını, həmin muzeylərdə torpaqlarımız uğrunda canını qurban etmiş hər bir şəhidin adının əbədiləşdiriləcəyini bildirib.