Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr BMT-nin bugünkü reallıqlara uyğunlaşdırılması üçün islahatların aparılmasını zəruri hesab edirlər.
Bu barədə TASS Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammitində imzalanmış bəyannaməyə istinadən xəbər verir.
“Onlar hesab edirlər ki, inkişaf etməkdə olan ölkələrin BMT orqanlarında təmsil olunmasını təmin etmək üçün hərtərəfli düşünülmüş islahat aparmaqla BMT-ni müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırmaq lazımdır”, – sənəddə deyilir.
Mətndə müasir beynəlxalq münasibətlər sisteminin əsası kimi BMT-nin yaradılmasının İkinci Dünya Müharibəsinin ən mühüm nəticələrindən biri olduğu vurğulanır. Təşkilat son 80 il ərzində özünü unikal dövlətlərarası birlik kimi təsdiqləyib, onun çərçivəsində sülhün qorunması və sosial-iqtisadi inkişafın təmin edilməsi məsələlərində ölkələr arasında qarşılıqlı fəaliyyətin populyar formaları yaradılıb.
ŞƏT-ə üzv dövlətlərin fikrincə, davamlı qlobal sülhün təmin edilməsi yalnız BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə bütün dövlətlərin qeyd-şərtsiz riayət etməsi ilə mümkündür.