Sudan Çevik Reaksiya Qüvvələri atəşkəsə hazır olduqlarını açıqlayıbbackend

Çevik Reaksiya Qüvvələri (RRF) Sudan ordusu ilə dərhal atəşkəs və birbaşa danışıqlara hazır olduğunu bildirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə RRF və Sudan mülki qüvvələrin “Takaddum” koalisiyasının Əddis-Əbəbədə danışıqlardan sonra qəbul edilmiş birgə bəyanatında bildirilib.

RRF-nin rəhbəri Mohammed Hamdan Daqalo tərəfindən imzalanmış sənəddə göstərilir ki, RRF milli, regional və beynəlxalq təşkilatların nəzarəti altında hər iki tərəf üçün məcburi olacaq ordu ilə razılığa gəlməyə hazırdır. Bu razılaşma döyüşləri dayandıracaq və mülki insanları qoruyacaq.

Sülh prosesinin bir hissəsi olaraq, RRF, həmçinin nəzarəti altında olan Sudan ərazilərinə yardım çatdırmaq üçün humanitar dəhlizlər açmağa razılıq verdi. Bundan əlavə, onlar münaqişə zamanı əsir götürülmüş 451 nəfəri azad edəcəklər. Məhkumların azad edilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə həyata keçiriləcək.

Mənbə: TASS