“TEKNOFEST Azərbaycan” gənclərin texnologiyaya dərin marağının təsdiqidirbackend
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Bu gün “TEKNOFEST Azərbaycan”ın Bakıda keçirilməsi bizim birliyimizin növbəti nümayişi olmaqla yanaşı, həm də gənclərin elmə, texnologiyaya dərin marağının təsdiqidir. Məhz keçirilən festivalda da Azərbaycan Prezidenti İlham Əliyev Əziz Səncər, Selçuk Bayraktar kimi insanları gənclər üçün örnək olduğunu bildirmişdir: “Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”.
Azərbaycan Prezidenti bildirib ki, Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” SİHA-larının rolunu indi dünyada bilməyən yoxdur: “Selçuk bəy dünən Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Və gənclər üçün Səlcuq bəy də gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Səlcuq bəy kimi olmağa çalışacaqlar”.
Dövlət başçımız “Teknofest” elm, inkişaf, bilik, texnologiya bayramı ollduğunu deyərək söyləyib ki, festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar: “Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Festivala Əziz Səncər də təşrif buyurdu. Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”.
Dövlət başçımızın hər bir tövsiyəsi biz gənclərin həyat proqramıdır. Çünki bu gün nformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilir, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanır. Və bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev daima Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir: “… Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.
Çünki gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: “Gənclər, mən sizə inanıram, güvənirəm”.
Bax, bu güvənddir ki, 44 günlük davam edən İkinci Vətən müharibəsində Ali Baş Komandanımız Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti, Müzəffər Ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə 30 il düşmən əsarətində olan torpaqlarımız azad olundu, düşmən kapitulyasiya sənədinə imza atdı. Bu Azərbaycan gənclərinin şücaəti, Vətənə, dövlətə, xalqına olan məhəbbəti, sevgisi idi. Bu, Azərbaycan gənclərin öz Ali Baş Komanasına, öz Prezidentinə olan inamı idi.
Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə demişdir: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.
Bu gün ölkəmizdə ilk dəfə keçirilən tarixi “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı Azərbaycan və Türkiyəni dost, qardaş, müttəfiq ölkələr olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm tədbir, eyni zamanda, hər iki dövlətin inkişaf, tərəqqi yolu ilə uğurla irəlilədiyinin təsdiqinə çevrildi. Festival, həmçinin istər Azərbaycanda, istərsə də Türkiyədə yetişən gəncliyin elm və texnologiyaya böyük maraq göstərdiyini, daim yeniliyə, müasirliyə can atdığını sübuta yetirdi.
Sonda dövlət başçımızın söylədiyi fikiri bir daha vurğulamaq istərdim: “Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi