Təranə Paşayeva: “Müəllimlərin bu cür davranışları zərərçəkən şəxslərin həyatlarının sonrakı mərhələlərində fəsadlarını göstərir”backend

Son günlərdə sosial şəbəkələrdə qısa müddət ərzində paylaşılaraq cəmiyyət tərəfindən böyük narazılıqlarla qarşılanan müəllim-şagird münasibətləri və müəllimlərin şagirdlərə qarşı kobud davranışları barədə demək olar ki, hər birimiz məlumatlıyıq. Ən son bağçalardan birində tərbiyəçinin azyaşlı uşağı vurması bu məsələyə nə dərəcədə həssas və diqqətli yanaşmağı məcbur edir. Qeyd olunan hadisələrin ictimaiyyət tərəfindən xoş qarşılanmaması, müxtəlif vasitələrlə öz etirazlarını bildirməsi normal haldır. Çünki uşaq və yeniyetmələlərə qarşı kobud davranışlar göstərən, onları təhqir edən, vuran şəxslər sıradan bir insan deyil, müəllimdir.

Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq hər zaman müəllim peşəsi müqəddəs peşələrdən biri hesab olunur. Təhsil müəssisəsində pedaqoq uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır.

Əfsuslar olsun ki, son günlərdə baş verən bu xoşagəlməz hadisələr ilk deyil. Bəzi hadisələr barədə məlumat ala bilsək də, buna bənzər yetərincə anoloji hadisələr baş verməkdədir. İstər bağçalarda, istərsə də məktəblərdə müəllimlər tərəfindən müxtəlif formalarda fiziki və psixoloji şiddət hallarına rast gəlirik. Şagirdi döymək, onlara xəsarət yetirmək, mütəmadi təhdid altında saxlamaq, təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, kimi nüansları misal göstərə bilərik. Müəllimlərin bu cür davranışları zərərçəkən şəxslərdə həyatlarının sonrakı mərhələlərində fəsadlarını göstərir.

Fiziki şiddətin yaratdığı nəticələr təkcə fiziki fəsadlarını deyil, psixoloji fəsadlarını da göstərir. Sinifdə, auditoriyalarda başqalarının arasında döyülən, təhqir, tənqid edilən uşaq və yeniyetmələrin psixoloji vəziyyətində dəyişikliklər olur, özgüvəni aşağı düşür, özünün yalnız, dəyərsiz hiss etməyə, qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur, aqressiya, natamamlıq kompleksi, stress, depressiv halları ortaya çıxarır.

Fiziki şiddətin yaratdığı psixoloji fəsadlar uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Müşahidələr göstərir ki, baş verən hadisələr nəticəsində zərərçəkən uşaqlar bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur, səhhətində dəyişikliklərə səbəb olur, bağçaya, məktəbə qarşı soyuyurlar.

 

Bir daha bu hadisələrlə qarşılaşmamaq üçün pedaqoqların seçim mərhələsində daha diqqətli olmalı, həssas yanaşılmalıdır. Müəllim tərəfindən edilən şiddət faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Bununla yanaşı mütəmadi olaraq müəllimlərlə psixoloji diaqnostikalar, testlər keçirilməli,  onlar üçün psixoloji təlim və seminarlar təşkil olunmalıdır. Həyata keçirilən maarifləndirmə işlərini daha da sürətləndirməli, Bakı və digər böyük şəhərlərlə kifayətlənməməli, bütün ölkə üzrə maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.

Bununla əlaqədar müəyyən işlər həyata keçirilməlidir. Pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin nəzəri bilikləri ilə yanaşı, psixoloji hazırlıq mərhələlərinə də xüsusilə diqqət artırılması gələcəkdə baş verə biləcək mümkün hadisələrin azalmasına gətirib çıxara bilər.  Günümüzün təcrübəsi göstərir ki, bəzən kifayət qədər savadlı mütəxəssis psixoloji olaraq təhsil müəssisəsində fəaliyyət göstərmək üçün hazır olmur.  Auditoriyanı idarə etməmə, özünü qarşısındakına sevdirə bilməmə və digər hallardan ortaya çıxan stress, səbrsizlik nəticəsində müəllim müxtəlif fiziki və psixoloji üsullarından istifadə etməyi üstün tutur, bununla nəyəsə nail olmaq istəyir. Bu səbəbdən də kadrların seçilməsi, onların psixoloji hazırlıq məsələsinə daha ciddi diqqət və nəzarət etmək labüddür.  Əks halda ölkəmizin, cəmiyyətimizin sağlam gələcəyini şübhə altına atmış olarıq.

 

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru