“Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil”backend

Xəbər verildiyi kimi, Tovuzun Ağdam kəndi yenidən Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Düşmən bu dəfə də kəndi iriçaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib. Sakinlər arasında isə xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun ayıq-sayıqlığı nəticəsində erməni hərbi qulluqçularının növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Növbəti dəfə uğursuzluğa düçar olan təxribatçı düşmən yerinə otuzduruldu. Ordumuz ermənilərin növbəti məkrli oyununu iflasa uğratmaqla, başlarında çatlatdı. Maraqlıdır ki, bunu həzm edə bilməyən Ermənistan baş naziri Nikol Paşinyanın növbəti uydurması nə olacaq?

Ermənistan hakimiyyətinin son zamanlarda davamlı olaraq istər daxili və xarici siyasətində, istərsə də Qarabağ məsələsində yürütdüyü siyasətdə məğlubiyyətə uğraması Nikolun “boğazında qalıb” və onu həzm edə bilmir.

Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində günü-gündən güclənən qüdrətli Azərbaycan ordusunun kölgəsindən qorxan Paşinyan tamamilə başını itirib. O, hələ də kimin tərəfində olduğunu anlaya billmir. Üzdə özünü Rusiyanın dostu aparsa da, reallıqda belə olmadığı bütün dünyaya məlumdur. Moskva da bunu yaxşı bilir, lakin görməzdən gəlir. Nikol Avropaya meyilli olsa da, Avropa onu qəbul etmir. Onun yürütdüyü siyasət, xalqla münasibəti və diktartor yönümlü fəaliyyəti Avropa standartlarına uyğun gəlmədiyindən dəstək olmaqdan boyun qaçırırlar. Avropa və ya Rusiya yaxşı bilir ki, erməni baş nazirin ipinin üzərinə odun yığmaq olmaz.

Əgər Ermənistan işğalçılıq siyasətinə son verərsə, üzləşdiyi ən ciddi problemləri qısa zamanda həll etmiş olacaq. Ölkədə normal həyatı bərpa etmək istiqamətində real addımlar ata biləcək. Əks təqdirdə Azərbaycan ordusunun gücünü yaxın zamanda görəcək.

Ermənistan daxilində ciddi siyasi və sosial-iqtisadi böhrann yaşanır. Ermənistanda əhalinin hakimiyyətə etimadı artıq itib. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Lakin Azərbaycana nəzər saldıqda isə bunun tamamilə aksini görə bilərik. Azərbaycan daxilində siyasi və sosial-iqtisadi böhran yaşanmır. Əhalinin hakimiyyətə etimadı günü-gündən artır. Heç bir sosial-iqtisadi problemlər yaşanmır və korrupsiya yoxdur! Cənab Prezident tərəfindən koronavirusla mübarizə sahəsində ən qabaqcıl addımlar atılıb. İnsan hüquq və azadlıqları tapdalanmır!

Ordumuza nəzər saldıqda isə, ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başlayıb. 2003-cü ildən etibarən ölkə iqtisadiyyatının dinamik inkişafı ordu quruculuğu sahəsində də özünü göstərməyə başladı. Dövlət ildən-ilə hərbi xərcləri artırmaqla bu sahənin inki­şafına xüsusi diqqət və qayğı göstərdiyini əyani şəkildə nümayiş etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası gücləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşı­laşdırılması istiqamətində mühüm addımlar atıldı.

Hazırda Silahlı Qüvvələrimiz istənilən anda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstəriblər. Hər bir Azərbaycan vətəndaşı da dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.

Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil. Əgər Ermənistan ordusu öz xoşu ilə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməzsə yaxın zamanda Azərbaycan Ordusu Qarabağı işğaldan azad edəcək! Bu isə Ermənistan üçün ağır nəticələnəcək və minlərlə itkilər verəcək.

Fariz Quliyev
​YAP-ın gənc fəalı, Səbail rayon Badamdar qəsəbəsinin Bələdiyyə üzvü

İctimai.az