“Türk Dövlətləri Təşkilatı gələcəkdə dünyanın geosiyasi və geoiqtisadi vəziyyətini formalaşdıracaq” – Fuad Heydərbackend

1992-ci ildə Turqut Özal tərəfindən təməli qoyulan Türk Dili Danışan Ölkələr Birliyi hazırda Türk Dövlətləri Təşkilatı adı ilə inkişaf etməkdədir. Bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi adlandırılsa da 2021-ci ilin noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə görüşündə adı dəyişilərək Türk Dövlətləri Təşkilatı(TDT) oldu. Türk Dövlətləri Təşkilatı təməlinin qoyulduğu zamandan etibarən xeyli çətinliklərlə üzləşdi. Belə ki, Türk Dili Danışan Ölkələr Birliyinin qurucusu olan Turqut Özal birliyin qurulmasından bir neçə ay sonra sui-qəsd nəticəsində zəhərlənərək öldürüldü. Buna baxmayaq, Birliyi inkişaf etdirmək istiqamətində fəaliyyətlər yarımçıq qalmadı. Belə ki, Nəcməddin Ərbakan bu birliyin təkcə Türk dövlətlərindən deyil, eyni zamanda, müsəlman ölkələrindən də təşkil olunması fikrini irəli sürdü. Əslində bu təklif reallaşardısa, çox böyük iqtisadi-siyasi gücə çevrilə bilərdi. Çünki neft-qaz yataqlarının böyük hissəsi müsəlman dövlətlərinin ərazisində yerləşir. Buna misal olaraq, Qətəri, Birləşmiş Ərəb Əmirliklərini, Küveyti və s. qeyd edə bilərik. Əlbəttə əgər bu baş verərsə, dünyada böyük bir güc formalaşacaq.
Buna Avropa İttifaqını misal göstərə bilərik. Belə ki, 1951-ci ildə Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə əsası qoyulan bu birlik hazırda 27 dövləti birləşdirən söz sahibi iqtisadi və siyasi təşkilata çevirilib. 18.8 trilyon dollarlıq büdcəyə sahib olan Avropa İttifaqı 27 üzv ölkənin bir-birinə bir çox sahələrdə güzəştlər tətbiq etdiyi böyük gücə sahibdir. Avropa İttifaqının pul vahidi olan Avro hətta dollardan 1.3 qat daha dəyərlidir. Həmçinin qeyd edək ki, Avropa İttifaqına daxil olan ölkələrin 445 milyon nəfər əhalisi var. Demək ki, Aİ-ə üzv olan 27 dövlətdən hər hansı biri ilə kənar bir ölkə müharibə etsə qarşısında həm iqtisadi, həm də siyasi güc görəcəkdir.
1992-ci ildə təməli qoyulan birlik Türk Dövlətləri Təşkilatı kimi 2021-ci ilin noyabrın 12-də cümə günü İstanbulda elan olundu. Bu təşkilata hazırda 5 dövlət- Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxildir. 2 dövlət isə müşahidəçi qismində yer alır, bunlar Macarıstan və Türkmənistandır. Gələcəkdə isə TDT-a 37 dövlətin üzv olacağı ehtimal olunur. Əlbəttə, bu işlər tez bir zamanda baş tutan proseslər deyil. İlk qurulduğunda 6 ölkədən ibarət olan Avropa İttifaqına hazırda 27 dövlət üzvdür. Düşünsək ki, Aİ-nın 1951-ci ildən təməli qoyulub. Bu cəhətdən TDT-nın hələ inkişaf etmək yolunda addımlar atdığını deyə bilərik. Hər şey plana uyğun gedərsə, 37 dövlətin üzv olacağı Təşkilat 700 milyona yaxın insan potensialına malik olacaq. Həmçinin maliyyə büdcəsi 54.2 trilyon dollar həcmində olaraq Avropa İttifaqını da geridə qoyacaq. Bu proses baş verərsə, 37 ölkə bir-birinə ciddi güzəştlər tətbiq edəcək. Bütün bunlar iqtisadi-siyasi, hərbi, sosial və digər sahələri gücləndirəcəkdir. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında qlobal bazar sistemi də formalaşacaq. Bu da qiymətləri və inflyasiyanı tənzimləmək üçün əlverişli mühit deməkdir. Biz hazırda təşkilata üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlətlərinin yeraltı sərvətlərinə nəzər salsaq ərazilərinin neft-qaz , dəmir filizi, sink, polimetal filizləri, boz kömür, mis filizi, qızıl, daş kömür, mobilden, civə, qurğuşun və xrom yataqları ilə zəngin olduğunu görərik. Qeyd etdiyimiz sərvətlər iqtisadi, sosial, hərbi sahənin də inkişafını sürətləndirən amillər içərisində ən yüksək yerlərdən birini tutur.
Dünyada gedən qütbləşmədən, ikili standartlardan ən çox əziyyət çəkən Türk-İslam dövlətləri olduğunun şahidiyik. Bu səbəbdən də bütün çağırışlara cavab verə bilən, hər cəhətdən güclü bir təşkilata ehtiyac vardır. Türk Dövlətləri Təşkilatı da dünyada sülhün, ədalətin, bərabərliyin təmin olunmasında təsiredici qüvvəyə çevrilə bilər.
Son illər Türkiyədə baş verən iqtisadi kriz, lirənin dəyər itirməsi ölkədə qiymət artımını sürətləndirib. Əlbəttə lirənin dəyər itirməsini bilavasitə siyasi amillə izah etmək olar. Türkiyənin inkişafını istəməyən güclər iqtisadi yolla ölkəni zəiflətmək istəyirlər. Çünki anlayırlar ki, Türkiyənin və digər Türk dövlətlərinin güclənməsi böyük güclərin və onların əlaltılarının iqtisadi gəlirlərini azaldacaq. Həmçinin TDT-a üzv dövlətlərin azad iqtisadi bazar formalaşdırması qaçılmaz olacaqdır. Ona görə də bank, maliyyə sektorunu əlində saxlayan ölkələr dirçəlmək istəyən dövlətləri iqtisadi yolla zəiflətmək və özlərindən asılı hala salmaq istəyirlər. Bu kimi hallar istənilən Türk ölkəsində baş verə bilər. On görə də əgər TDT-nın da vahid pulu sistemi yaradılsa bu sahədə böyük inkişaf potensialı yaranacaqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində dedi ki, bu təşkilata 2024-cü ildə İslam dövlətləri də qatılacaq. Həmçinin 2021-ci ilin sonlarında Afrika ölkələrinin İstanbulda Türkiyə lideri ilə görüşünü buna misal çəkə bilərik. Buna görə də deyə bilərik ki, gələcəkdə Türk Dövlətləri Təşkilatının gücü dünyanın geosiyasi və geoiqtisadi vəziyyətinə birbaşa təsir edəcək.
Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərini bir-birinə daha sıx bağlayan xüsusiyyətlər eyni dinə, mədəniyyətə, tarixə, soykökünə, dəyərlərə, hətta oxşar dilə malik olmasıdır. TDT bir supergüc halında dünyada yeni bir maraq mərkəzlərinin əsasını qoymaqdadır. Bir zamanlar Türk dövlətlərinin birliyini görmək xəyal kimi düşünülürdü. Hətta indi də Türk birliyindən danışanda bunun mümkün olmayacağını təqlid edən fikirlərlə qarşılaşırıq. Əlbəttə bütün bu fikirlər həvəsdən salmaq, Türk dövlətlərinin birliyinin ola bilməyəcəyini xalqın beyninə yeritməkdir. Amma bunun əksinə olaraq, hazırda TDT böyük potensiala sahib bir təşkilat kimi dünyada izlənilir. Rusiyanın bu təşkilata üzv olmaq istəməsi bunu deməyə əsas verir. Halbuki TDT regional və qlobal təşkilatdan çox milli bir quruluşdur.
Dünya dövlətləri artıq Avropdan və ABŞ-dan ümidini kəsmiş bir vəziyyətdədir. Çünki illərdir dünya dövlətlərini istismar edərək onlara barış, ədalət, sülh gətirəcəyini deyib, yalnız öz mənfəətlərini güdən qüvvələrin gəlir yerləri azalmağa doğru gedir. Hazırki dünya düzənində bütün ümidlər İslam və Türk dövlətlərindən asılıdır və perspektivlər də bu istiqamətdə planlaşdırılır. Hətta həyati əhəmiyyətə malik bir bölgədə yerləşdiyimizi də desək yanılmarıq. Çünki böyük güclər burada olan yeraltı ehtiyatların izindədir. Buna görə də, bəlkə də 100 ilin planı TDT-a üzv dövlətlərin ərazilərinə istiqamətlənib. Belə ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə olan ehtiyatlar Avropanın Rusiyadan asılılığını qurtara biləcək səviyyədədir.
Çin Xalq Respublikası 2013-cü ildə “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Bu layihədə Türk dövlətləri olmadan, onlarla razılığa gəlmədən bunun həyata keçirilməsi qeyri-mümkündür. Bu layihə Türk ölkələrinin enerjidə, müdafiədə, insan kapitalında inkişaf etməsini, eyni zamanda, süni və rəqəmsal zəkada irəliləməsini sürətləndirəcəkdir. Həmçinin köklü ortaq tariximizi gələcək nəsillərə ötürmək baxımından TDT vacib quruluşdur. Ən önəmlisi Türk-İslam dövlətləri haqqında dünyada uydurulan yalanları, şaiələri yerləbir etmək üçün ən əlverişli vasitəyə çevriləcəkdir. Bundan əlavə istehsaldakı tədarük zəncirini olduqca genişləndirmək, gənclərin yüksək təhsil alması üçün ən müasir texnologiyalardan istifadəsinə şərait yaratmaq bu təşkilatın istiqamətlərindəndir. Ona görə də bütün çətinliklərə rəğmən bu birlik daha da böyüyəcəkdir. Necəki Avropa İttifaqının mərkəzi Brüsseldir. Türk Dövlətləri Təşkilatının da mərkəzi Antalya, mədəniyyət mərkəzi isə Azərbaycanın Şuşa şəhəri olacağını düşünmək olar.
44 günlük Vətən müharibəsində Qarabağda qazanılan Zəfər TDT-nın əlini gücləndirdi. Qələbəmiz nəticəsində dünyaya verilən bir mesaj da o, oldu ki, bizim olanı 30, 40, 50 il sonra da ala bilərik.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının əməkdaşı