Türkiyə tarixində nəhəng zəlzələləri özündə cəmləşdirən dovşan ili – ÖZƏLbackend

2023-cü il təqvim ili kimi dovşan ilidir. Hər 12 ildən bir təkrarkalanan dovşan ili Türkiyə tarixində heç də xoş olmayan hadisələrlə yaddaşlarda qalıb.

Belə ki, bir neçə gün öncə baş verən zəlzələ də daxil olmaqla Türkiyə tarixinin ən dəhşətli və insan tələfatı ilə nəticələnən bəzi zəlzələləri məhz dovşan ilinə təsadüf edib.

İctimai.az bunların bəzilərini Sizə təqdim edir:

Ərzincan zəlzələsi

27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş vermiş zəlzələ  tarixdə “Anadolu zəlzələsi” kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi. Zəlzələ bir çox şəhərlərində də hiss olunmuşdu. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb oldu. Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı.

İzmit zəlzələsi

XX əsrin sonunda 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələnin gətirdiyi fəlakətlər böyük olmuşdur. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 17 217 adam öldü, 43 959 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı. Amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü.

Kahramanmaraş zəlzələsi

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş şəhəri daxil olmaqla 10-dan artıq şəhərdə böyük dağıntılar yaradan zəlzələ 7.5 bal gücündə qiymətləndirilib. Hazırda rəsmi məlumatlara əsasən 5000-dən çox insan ölüb, on minlərlə insan yaralanıb və ya itkin düşüb. Hazırda axtarışlar davam etdiyi üçün itkilərin sayının daha çox olacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyada baş verən 8.9 bal gücündə zəlzələ və daha sonrasında yaranan sunami də məhz dovşan ilinə təsadüf edir. Təbii fəlakət nəticəsində 18 mindən artıq insan dünyasını dəyişmiş, 2 mindən artıq insan isə itkin düşmüşdü.