Üçrəngli Bayraq bizim milli kimliyimizdirbackend

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Xalqımız hər zaman qədim tarixi, zəngin mədəniyyəti, bütün dünyaya nümunə sayıla biləcək milli və mənəvi dəyərləri ilə qürur duyub. Dövlət rəmzlərimiz də mövcudluq nişanəsi kimi dünyaya xalqımızın inkişaf etdiyini, müstəqil ölkəyə sahib olduğunu bəyan edir. Dövlət atributlarımız dövlətçiliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirir, xalqımızın malik olduğu qüdrəti göstərir. Ulularımızdan bizə qalan tarixi irs isə bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrlərdə xalqın milli kimliyinin pasportu hesab edilən dövlət atributları yaradılmışdır. XX əsrdə xalqımız iki dəfə öz dövlət müstəqilliyini əldə etsə də, əsrin əvvəlində bu müstəqilliyi qoruyub saxlamaq mümkün olmamışdır. Azərbaycan xalqı ilk dəfə 1918-ci il mayın 28-də, ikinci dəfə isə 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlıq, dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın mövcudluqdan sonra dövlət müstəqilliyini itirsə də, milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlamasından sonra müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Hökumətin Gəncədəki fəaliyyəti dövründə–1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur.

Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiyada müstəqil Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

 

Mehman Musayev

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,

AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi