Ulu Öndər Heydər Əliyevin sözləri də xalqımız və dövlətimiz qarşısındakı xidmətləri qədər unudulmazdır ŞƏRHbackend

Azərbaycan tarixində elə məqamlar olubdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunubdur. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən Azərbaycana ikinci dəfə ali hakimiyyətə TARİXİ QAYIDIŞI oldu.Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü.

Ümummilli Lider müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.Və 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verən ulu öndər Heydər Əliyev Bakıya qayıtdı. Və bu gəlişi ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu. Ulu Öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsil dönüş yarandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. 2003-cü ilin Prezident seçkiləri ərəfəsində Ümummilli Liderimizin xalqa müraciətində əksini tapmış bu fikirlər cənab İlham Əliyevin siyasi və dövlət xadimi olaraq nə qədər yüksək keyfiyyətlərə malik olduğunu göstərir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyev müasir Azərbaycan tarixinə öz adını qalib bir sərkərdə, qətiyyətli Ali Baş Komandan olaraq yazdırdı. 44 günlük Vətən müharibəsinə dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər bir həmvətənimiz Prezident İlham Əliyevin ətrafında birləşərək tək yumruğa çevrildi, milli həmrəylik nümayiş etdirdi. Ulu Öndərin 2003-cü ilin oktyabrın 13-də Azərbaycan Gənclərinin Üçüncü forumunda gənclərə müraciətində səsləndirdiyi tövsiyə və tapşırıqları da artıq reallığa çevrildi. Heydər Əliyev gənclərə səslənərək demişdi: «Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.

Bəli, bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır. Ulu Öndərimizin dediyi kimi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”. Bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Qurtuluş Gününü nəsib etdi, Onun yolunu, apardığı uğurlu siyasəti müdrikliklə davam etdirən Müzəffər Ali Baş Komandan, Qalib Lider İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Xalqımız əmindir ki, Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməklə, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bir sözlə, 15 iyun Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – Qurtuluşdan Qələbəyə doğru gedən yol oldu. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Nə qədər Azərbaycan var, Dahi Öndər Heydər Əliyev də olacaq, Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı