Ürəklərdə yaşayan qəhrəman – Şəhid Elvinin həyat hekayəsi…backend

İctimai.az YAP Beyləqan rayon təşkilatında məsləhətçi, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Mehdiyevin şəhid Elvin İsmayılov haqqında hazırladığı məqaləsini təqdim edir:

“Vətən sevgisi – İlahi məhəbbətdən doğan,  yalnız təmiz ürək sahibi olan, vicdanlı insanların qəlbində müqəddəsləşən, əbədi olaraq yaşayan ruhi bir istəkdir! Məhz, bu İlahi istək sayəsində, Vətən torpağı bölünməz, pak və çox qiymətli olur!.

Öz keçdiyi şərəfli həyat yolu ilə digər xalqlara nümunə olan Azərbaycan xalqı üçün, Vətən, ucalıq rəmzi,  Vətən, qürur yeri, Vətən, ana deməkdir!.

Qürur dolu tarixi keçmişimizə dərindən nəzər salsaq, Vətənimizin qəhrəmanlar, mərd oğullar məskəni olmasını aydın şəkildə görə bilərik!.

Hər qarışında qəhrəmanlıq izi olan müqəddəs torpaqlarımızın azadlığını, suverenliyini və eyni zamanda təhlükəsizliyini qorumaq bizim ən mühüm vəzifəmiz olmalıdır!.

Qəhrəmanlıq – şəxsin fərdi xarakterik xüsusiyyətlərinin, tərbiyəsinin və genetik mənəvi zənginliyinin diktəsi ilə idarə olunan mürəkkəb bir keyfiyyət, əsl kişilik simvoludur!. Bu cür seçilmiş hünər sahibləri, zaman keçsə, dövran dəyişsə də, xalqımızın qan yaddaşında yenilməz qəhrəman obrazı kimi qalacaq və ürəklərdə əbədi olaraq yaşayacaqdır!.

Öz qətiyyəti, cəsarəti, mübarizliyi, Vətəninə, bayrağına olan bağlılığı və sonsuz sevgisi sayəsində şəhadətə qovuşan qeyrətli oğullarımız çoxdur!. Onlar, dövlətimizin müstəqilliyi və xalqımızın xoş gələcəyi naminə öz canından keçiblər!. Bu şərəfli adı, çoxunun gedə bilməyəcəyi, yalnız böyük ürək sahiblərinin gedə biləcəyi bu çətin yolu bilərəkdən özünə  ömür yolu seçən mərd oğullarımız, xalqımızın, dövlətimizin müqəddəratını həll edən ən yeni tarix yazdılar!.

Onlar üçün doğulduqları torpaq – Ana Vətən hər zaman uca və müqəddəsdir! Bu mənada, hər bir ölkənin qüdrətini göstərən, onu özündə əks etdirən ən əsas cəhət, ordusunun və əsgərinin vətənpərvərlik ruhudur. Əgər həmin ruh yoxdursa, qüdrətdən, yenilməzlikdən və Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Zənnimcə, qəlbində vətənpərvərlik ruhu hakim olan hər bir əsgərin, hər bir zabitin qarşısında isə, ən müasir silahlarla təchiz edilmiş düşmən belə tab gətirə bilməz!.

Haqqında söz açacağım insan, həmvətənimiz olaraq adını böyük iftixar hissi ilə xatırladığımız, xalqımızın qəhrəman övladı Elvin Tələt oğlu İsmayılov da bu igidlərin sırasındadır…

Şəhid qardaşım Elvin Tələt oğlu İsmayılov, 09 mart 1989-cu ildə Beyləqan rayonunun Orta Əlinəzərli kəndində, zəhmətkeş, öz əməyinin bəhrəsi ilə dolanan, sadə bir ailədə dünyaya göz açmışdır. O, 1995-ci ildə şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2006-cı ildə isə, həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə başa vurmuşdur.

Elvin İsmayılovun ibtidai sinif müəllimi isə, əsl ziyalı nüfuzuna sahib, müəllimlər müəllimi, şəxsiyyətinə çox böyük hörmət bəslədiyim bir insan, el ağsaqqalı Mayor müəllim olmuşdur. Onu da qeyd edim ki, Mayor müəllim özünəməxsus dəsti-xətti olan dəyərli pedaqoq və yüksək intellektə malik yaradıcı bir insandır!

Elvin İsmayılovun arzularından biri də, ali təhsil almaq olmuş, lakin bu arzusuna çatmaq ona qismət olmamışdır.

Nəhayət, Vətənə xidmət zamanı gəlir və Elvin 2007-ci il aprel ayında Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Vətənpərvər Azərbaycan əsgəri öz xidmətini cəbhə xəttində, Tərtər rayonunda, mənfur düşmənlərimizlə üzbəüz mövqelərimizdə yerləşən “N” saylı hərbi hissəsindən başlayır.

O, snayper silahının incəliklərini dərindən öyrənmiş və bu sahə üzrə peşəkar atıcı kimi formalaşa bilmışdır. Xüsusi qabiliyyətinə və Vətənə ləyaqətlə xidmət etdiyinə görə, dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom və mükafatlarla təltif edilmişdir.

Elvin, Vətənə olan borcunu layiqincə yerinə yetirdikdən sonra, 2008-ci ilin oktyabr ayında Ordu sıralarından tərxis edilir. O, bir müddət doğma Əlinəzərli kəndində şəxsi təsərrüfatlarında fərdi əməklə məşğul olur və ailəsinin xoş güzəranı üçün valideynlərinə yaxından köməklik göstərir.

Lakin torpaqlarımızın hələ də düşmən əsarətində qalması, şəhidlərimizin qisasının alınması və ümumiyyətlə, hərb sahəsinə olan hədsiz sevgisi onu rahat buraxmır, yenidən peşəkar bir əsgər kimi, Vətənə xidmət etmək qərarına gəlir.

Elvin, hələ həqiqi hərbi xidmətdə olduğu dövrdə, mənfur düşmənimiz olan erməni quldurları növbəti dəfə təmas xəttində atəşkəs razılaşmasını pozur. Silahlı qarşıdurma zamanı hər iki tərəf müəyyən sayda itki verir. Elvin, ağır yaralanmış əsgər yoldaşını döyüş gedən ərazidən çıxarmağa nail olur, lakin özünə qardaş qədər yaxın hesab etdiyi həmin əsgər, elə Elvinin qolları arasındaca, şəhadətə yüksəlir! Bu hadisə Elvinə çox pis təsir edir və həmin an, dostunun və bütün şəhid qardaşlarının ruhu qarşısında, onların qisasını düşməndən alacağına kişi sözü verir!

Elvin ürəyinin dərinliyində gizli saxladığı ən böyük arzusunu  ailə üzvlərinə  bildirir və tələb olunan zəruri sənədləri hazırlayaraq, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə təqdim edir.

Nəhayət, Elvin İsmayılov, 17 yanvar 2017-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq hərbi xidmət keçmək üçün kursa qəbul olur. O, 01 aprel 2011-ci ildən başlayaraq, Qazax rayonunda yerləşən “N” saylı hərbi hissənin düşmənlə ən yaxın təmas xəttində yerləşən motoatıcı taborun tərkibinə daxil olan bölükdə çavuş rütbəsi ilə, manqa komandiri kimi xidmətini davam etdirir.

Şəhid qardaşım hərbçi kimi xidmətdə olduğu müxtəlif vaxtlarda,  ardıcıl olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident, cənab İlham Əliyevin imzaladığı 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının “95 illiyi”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident, cənab İlham Əliyevin 26 iyun 2018-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının “100 illiyi” münasibətilə təsis edilmiş “Yubiley” medallarına layiq görülmüşdür. Bütün bunlardan əlavə olaraq bildirmək istəyirəm ki, Elvin İsmayılov nizam-intizamına, təlim-tərbiyəsinə və qüsursuz xidmətlərinə görə, digər hərbi qulluqçulardan seçilirdi. Məhz, bunun nəticəsi idi ki, Elvin İsmayılov yuxarı komandanlıq tərəfindən 26 iyun 2020-ci il tarixdə “10 illik qüsursuz xidmətə görə” medalı, eyni zamanda, xeyli sayda diplom və fəxri fərmanlarla da təltif edilmişdir.

Eloğlumuz Elvin haqqında yazmaq, onun keçdiyi şərəf dolu həyat hekayəsini dəyərli oxucuların diqqətinə lazımi şəkildə, qüsursuz bir formada çatdırmaq, mənim üçün sözün hər mənasında çox çətin və məsuliyyətli bir işdir.

Həmişə xalqımızın arasında olan adi bir vətəndaş kimi və eləcə də, işim ilə əlaqədar olaraq,  xüsusi hörmətə layiq olan şəhid ailələrini tez-tez ziyarət edir və onların halal süfrəsinin qonağı oluram. Bu dəfə də, növbəti bir şəhid ailəsini, mənim üçün çox əziz şəxslərdən olan Tələt dayımın və Ağgül xalamın Orta Əlinəzərli kəndində yerləşən evlərində qonaq oldum.

Orada olduğum müddət ərzində şəhidimizin ailə üzvləri ilə səmimi söhbət etdik və bitib-tükənməyən, şirinli-acılı, kədər dolu xatirələri dilə gəldi həmin gün. Ailə üzvlərini dinlədikcə, onların şəhidimizə necə ürəkdən bağlı olduqlarına bir daha şahid oldum.

Şəhidimizin ailə üzvlərinin həsrət dolu baxışları keçmişə zilləndikcə, əlçatmaz xatirələrdən başqa ona sirdaş olacaq, təsəlli verəcək heç bir vasitə tapılmır və bu da öz növbəsində, həmin xatirələrin burulğanına düşən həmin insanların qəlbində incə tellərə toxunur, onu yenidən “dilə gətirir”. Doğmaları Elvin qardaşım haqqında özümdə formalaşdırdığım fikirlərimə kövrək xatirələrlə dolu, insanın ruhunu titrədən, çox təsirli söhbətləri ilə “körpü saldılar”!.

Mən isə, nisgil dolu notlara toxunan ünsiyyətin fonunda ən əziz övladları ilə bağlı yaşanan o xoşbəxt illəri arxada qoymuş və həmin dövrün kövrək hissləri ilə baş-başa qalan bu insanları ovundurub, dərdlərinə şərik olmağa çalışırdım!..

Şəhidimizin atası Tələt İsmayılovun xatirələri: Elvin, ailəmizdə böyüyən ikinci övladımız idi. O, uşaqlıqdan sakit xarakterli, səxavətli, alicənab, mehriban və əməksevər olub. Səxavətli, sədaqətli və kövrək olması, zaman keçdikcə, Elvini mənim ən yaxın dostuma, ən sadiq sirdaşıma çevirmişdi. Ailəsinə çox bağlı idi və bizi heç vaxt diqqətindən kənarda qoymazdı. Bəzi xüsusiyyətlərinə görə, ailəmizdə böyüyən digər uşaqlardan çox seçilərdi. Elvin Allaha, dinə çox bağlı, imanlı bir insan olduğu üçün, hər kəsin hörmətini qazanmışdı.

Sözün hər mənasında, Elvin Vətəninə, dövlətinə və xalqına çox bağlı bir vətəndaş idi. Elvin xidmətini demək olar ki, səngərlərdə keçirmişdi. Hətta, onun xidmət etdiyi, Qazax rayonunun düşmənlə təmas xəttində yerləşən post, “2018-ci ilin ən nümunəvi postu” kimi qiymətləndirilmişdir. Bu münasibətlə, Müdafiə Nazirliyinin əməkdaşları və Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov onunla görüşərək, təbrik etmişlər. Şəhid generalımız Elvinin kürəyinə əlini qoyaraq, ona uğurlar arzulamşıdı. “Halal olsun sənə çavuş, həmişə belə intizamlı ol!” deyərək, onu təbrik etmişdi.

Elvin, general-mayor Polad Həşimovun xətrini çox istəyirdi. Onun cəsarəti, igidliyi və səmimiyyəti haqda həmişə söz açar, qürurla danışardı. Yaxşı yadımdadır, generalın şəhid olması Elvinə çox pis təsir etmişdi. O, hər gün bütün şəhidlərimizin qisasını almaq hissi ilə yaşayırdı. Hələ, 4 il qabaq Elvin xidmət etdiyi səngərə girən erməni kəşfiyyatçısını təkbaşına məhv etmişdi. Çox qorxmaz, qoçaq və mərd bir oğul idi Elvin! Bu cür xarakterlərinə görə, Elvin yuxarı komandanlığın xüsusi hörmətini qazanmışdı.

Elvinin tabeçiliyində olan əsgərlərinə göstərdiyi hərtərəfli qayğı isə, onu tanıyan hər kəsə məlumdur. Bu barədə onun xidmətləri danılmazdır. Bu gün də əsgərləri bizə gəlib baş çəkir, Elvinlə bağlı xatirələrini bölüşürlər. Hamısı ondan razılıq edir və onun yoxluğu ilə barışmadıqlarını bildirirlər.

Vətən Müharibəsi başlayanda, o, hər şeyin mümkünlüyü barəsində mənimlə açıq söhbət etmişdi. Hətta, heç kimin övladından artıq olmadığını və şəhid olacağı təqdirdə, mənə təmkinli olmağımı da dönə-dönə tapşırmışdı. Sonuncu görüşümüzdə Elvin mənə: “Ata, mənin Vətən qarşısında alnım açıq, üzüm ağdır, mənimlə fəxr edə bilərsən!” demişdi. Bu gün onun bu sözlərinin doğruluğuna mənim kimi, hər kəs də şahiddir!.

Hətta, Vətən Müharibəsinin başlamasından bir gün qabaq, Elvinin şəhid olacağını yuxuda da görmüşdüm. Elvini, yoldan keçən minlərlə hərbçinin arasından nə qədər axtardımsa, tapa bilmədim.  Təlaş içində yuxudan qalxdım və bu barədə heç kimə bir söz demədim. Günlərin bir günü ürəyimdəki narahatçılıq çin oldu və oğlumun şəhid olması xəbərini eşitdim. Allah heç kimə övlad acısı yaşatmasın! Bu, çəkilməsi çox çətin olan böyük bir dərd yüküdür…

O, mənim üçün çox dəyərli bir insan idi. Elvin şəhid olandan sonra, mən  dünyanı, həyatı daha dərindən düşünməyə başlamışam. Bu gün ətrafıma diqqətlə baxıram ki, qəlbimdə yaranmış olan çarəsizlik boşluğunu heç kim və heç nə doldura bilmir! Qəlbimin sağalmaz yarasına yeganə məlhəm isə, Elvinin ruhudur! Tez-tez otağında onun ruhu ilə təklikdə qalmaqla təsəlli tapır və yalnız bu zaman rahat oluram!

Ən böyük arzum isə, Elvinin hərbi formasını əynimə geyinib, əlimdə müqəddəs üçrəngli bayrağımızla birlikdə işğaldan azad edilmiş torpaqlarımızda gəzmək, Elvinin şəhid olduğu yeri ziyarət etmək və nəhayət, bayrağımızı Şuşa şəhərinin ən uca zirvəsinə sancaraq, dalğalandırmaqdır!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Müzəffər Ordumuz düşmənə öz yerini göstərdi. Mən, dövlətimlə, millətimlə və bütün şəhidlərimizlə fəxr edirəm!

Bu gün isə, artıq Elvin tək mənim övladım deyil, o, həm də, xalqımızın övladıdır! Dövlətimiz, Vətənimiz və Xalqımız var olsun! Allah, cəmi şəhidlərimizə rəhmət etsin!

Şəhidimizin anası Ağgül Əliyevanın xatirələri: Elvin mənim, həyatımın mənası, ümid yerim və ən etibarlı sirdaşım idi. Onu özümə, həm oğul, həm də, qardaş bilirdim.

Elvin, çətinliklərin öhdəsindən təkbaşına gəlməyə can atar, hər bir problemi özü həll etməyə çalışardı. Hələ, 1-ci sinfə təzə gedən zamanlar, ona verilən tapşırıqları özü həll edər, mənim kömək etməyimə razılıq verməzdi. O, hər şeyə tək nail olmağı sevərdi!

Elvin, qısa ömür payını ləyaqətlə, şərəflə yaşadı. Oğlum, hərtərəfli, qayğıkeş, bir sözlə, seçilmiş bir insan idi. Ailə üzvlərinə, bütün əzizlərinə qarşı hörmətlə yanaşardı. İndiki kimi yadımdadır ki, ilk maaşı ilə mənə hədiyyə də alıb gətirmişdi. Həmişə mənə deyərdi ki, boynumda çox haqqın var, sənin zəhmətindən heç zaman çıxa bilmərəm. Şəhid olduğu günə qədər, mənimlə maraqlanar, bütün problemlərimi həll edərdi. Onunla bağlı bitib-tükənməyən, çoxlu xatirələrim var. Allah, onu mənim xoşbəxtliyim üçün veribmiş, bunu indi daha yaxşı başa düşürəm.

Elvin böyük çətinliklər bahasına özünə təzə bir ev də tikmişdi, lakin o evdə xoşbəxt yaşamaq ona qismət olmadı!…

44 günlük Vətən Müharibəsi başalayanda Elvin gəlib mənimlə halallaşdı. Təzə bir telefon da almışdı. Dedi ki, Allah qoysa Şuşanı azad edib, Cıdır Düzündə şəkil çəkdirib sənə göndərəcəyəm. Baxıb, oğlunla qürur duyarsan! Tale elə gətirdi ki, bu sevinc mənə qismət olmadı.

Müharibənin gedişi zamanı Elvinin də daxil olduğu heyətin BTR tipli döyüş maşını ermənilər tərəfindən vurulur. Bu hadisə onların döyüş əzmini qıra bilmir və digər BTR tipli döyüş maşını ilə mübarizələrini davam etdirirlər. Elvin də, onun əsgərləri də, bax belə qəhrəmanlıq göstərərək, tarix yazdılar.

Hətta, Elvinin şəhid olması belə, mənə agah olmuşdu. Həmin gün səhhətimdə ciddi problemlər yarandı və eyni zamanda, beynimdə qarışıq fikirlər yarandı. Allaha dualar edirdim ki, ona heç nə olmasın. Həmin gün günorta saatlarında Elvinin zabit yoldaşı ilə telefon əlaqəsi saxladım və o, məni axşamüstü Elvinlə danışdıracağını bildirdi. Bir neçə saatdan sonra isə, Elvinin şəhid olması xəbərini eşitdik. Həmin an, həyatımın ən böyük zərbəsini aldım və bu hadisə heç zaman mənim yadımdan çıxmayacaq! O gün bütün xoşbəxtliyimi Elvinlə bərabər torpağa tapşırdım və əbədi olaraq dəfn etdim!…

Şəhidimizin həyat yoldaşı Şəhla Mirzəyevanın xatirələri: Biz, 29 dekabr 2019-cu ildə ailə həyatı qurduq. Elvin, qayğıkeş ailə başçısı, gülərüz, mehriban həyat yoldaşı idi. O, qısa müddət ərzində qəlbimdə “sevgi taxt”ı qurmağı bacarmışdı. Mən, Elvinlə özümü çox güclü hiss edirdim. Bütün çətinliklərə rəğmən, biz çox xoşbəxt idik.

Elvin işini, peşəsini ürəkdən sevirdi. Qəlbən bağlı idi hərb sahəsinə. Öz işində məsuliyyətli, tələbkar və olduqca təvazökar bir insan idi. İşinin çətin olmasına baxmayaraq mənə də vaxt ayırar, demək olar ki, gün ərzində bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlayardı.

Çox xoşbəxt günlər yaşayırdıq, lakin bu xoşbəxtliyin də ömrü cəmi 9 ay oldu.

Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin sübh tezdən yaşayış məntəqələrimizi və döyüş mövqelərimizi davamlı şəkildə atəşə tutmasının qarşısını almaq məqsədilə, Azərbaycan Respublikası özünümüdafiə hüququ çərçivəsində İkinci Qarabağ Müharibəsinə -Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı.

Müharibənin ilk günündən etibarən, Elvin də düşmənlərimizlə mübarizəyə qatılmış və dövlətçiliyimizin qorunması naminə üzərinə düşən vəzifələri yerinə yetirməklə, haqq işimizə öz töhfəsini vermişdir. Elvin Vətən Müharibəsinin ilk günü, Füzuli- Cəbrayıl istiqamətində gedən qızğın döyüşlər zamanı yaralanır və yaralı olmasına baxmayaraq, o, apardığı mübarizəni yarımçıq qoymur. Döyüş yoldaşlarının dediklərinə görə, Elvin bu döyüşlərdə qəhrəmanlıq göstərərək, düşmənin canlı qüvvəsinə və hərbi texnikalarına ciddi şəkildə sarsıdıcı zərbələr vurmuşdur.

Çox təəssüflər olsun ki, qorxmazlığı ilə seçilən qeyrətli Vətən övladı müharibənin ilk günündə namərd düşmən gülləsinə tuş gəlir və  27.09.2020-ci ildə son damla qanına qədər döyüşərək şəhadət şərbətini içir!

Şəhidimizi 03.10.2020-ci ildə böyük insan izdihamının müşayiəti ilə son mənzilə yola saldıq! Həmin gün Əlinəzərli kənd sakinləri və bütün rayon ictimaiyyəti dəfndə iştirak edirdi. Xalqımız digər şəhidlərimiz kimi, Elvini də adına layiq şəkildə, hörmət və ehtiramla torpağa tapşırdı!

Azərbaycan xalqının başı sağ olsun! Təki, Vətən yaşasın!

Şəhidimizin qardaşı Nəbi İsmayılovun xatirələri: Hər bir insanın həyatında dərin iz buraxan, ömrünün ən gözəl anlarını özündə əks etdirən kövrək xatirələri var. Mənim də ömür səhifəmdə, varlığı ürəyimdə unudulmaz xatirələrə çevrilən Elvin adlı bir qardaşım var idi. Onun haqqında danışdıqca, Elvinlə birgə keçirdiyimiz o xoşbəxt illər gözümün qarşısında canlanır. Qardaşımla bağlı o qədər acılı-şirinli xatirələrim var ki, bəlkə də, günlərlə danışsam yenə də, bitməz.  İndi başa düşürəm ki, həmin o illər ömrümün ən gözəl illəri imiş. Bu gün isə, yalnız xəyallarımda Elvinli zamanlara qayıda bilirəm. Elvin mənim üçün həyatda ən mükəmməl qardaş, ən etibarlı bir dost idi. O, ağır günlərimizdə həmişə bizə arxa-dayaq olardı. Ailəmizin yaxşı yaşaması üçün əlindən gələn hər şeyi edər, qarşılaşdığımız bütün çətinlikləri aradan qaldırardı.

Qardaşım, eyni zamanda çox vətənpərvər bir insan idi. O, öz dövlətinə, Vətəninə və xalqına bağlı olan, qeyrətli bir hərbçi kimi hər kəsin hörmətini qazanmışdı! Mən, qardaşım Elvinlə və bütün şəhidlərimizlə fəxr edirəm! Ulu Tanrı Vətənimizin azadlığı uğrunda canından keçərək, şəhadət mərtəbəsinə yüksələn bütün şəhidlərimizə rəhmət etsin!…

Şəhidimizin bacısı Fidan İsmayılovanın xatirələri: Elvin, ailəmizdə böyüyən dörd uşaqdan biri, məndən yaşca kiçik olanı idi. O, hələ uşaqlıqdan sakit təbiətli, tərbiyəli, səliqəli və məsuliyyətli bir insan kimi formalaşmışdı. Qardaşımı hamıya sevdirən ən əsas cəhət isə, onun təmkinli və özünə hörmət qoymağı bacaran  insan olması idi. Ailə üzvlərimiz kimi, onunla ünsiyyətdə olan digər insanlar da qardaşımdan həmişə hörmət görmüşdü.

Elvin heç zaman bizə qarşı laqeyd olmayıb. Bütün çətinliklərimizdə həmişə yanımızda olub. O, hər zaman onun dəstəyinə ehtiyacı olan valideynlərini, qardaş və bacılarını düşünərdi. Mərd, qorxmaz və güclü şəxsiyyətə malik, olduqca  etibarlı bir qardaş idi Elvin!

Əfsuslar olsun ki, bəzən həyat, arzularımıza doğru gedən yolları dəyişib başqa istiqamətə çevirir. Tanrının bizə yazdığı taledən xəbərsiz çıxdığımız bu ömür yolu düşündüyümüz yerdə deyil, çox zaman başqa ünvanda tamamlanır!

Elvinin şəhid olma xəbərini eşidəndə, sanki dünya gözümdə bir anlıq qaranlıq zülmətə çevrildi. Həmin anları hər hansı bir sözlə ifadə etmək, sadəcə mümkün deyil. Bu hisslər, yalnız kədər dolu gözlərdən axan yaşlar və ümidsiz qəlblərdə qalan arzularla ifadə oluna bilər…

Allah şəhidlərimizə rəhmət etsin! Xalqımız, müstəqil dövlətimiz və Şanlı Ordumuz var olsun!

Şəhidimizin bacısı Əminə Rzayevanın xatirələri: Qardaşım olduqca zəhmətkeş insan idi, hər bir işini özü həll etməkdən zövq alardı. Kiminsə qarşısında gözükölgəli olmaqdan qaçar və minnət götürərək yaşamaq istəməzdi.

Daxilində olan böyük məsuliyyət hissi, onu iş həyatında da, qüsursuz edərdi. Elvin rəhbərliklə, iş yoldaşları ilə qurduğu düzgün münasibətdə son dərəcə səmimi və mədəni idi. Bu xüsusiyyətləri ilə rəhbərliyin etibarını və hörmətini qazanan qardaşım hər zaman onların diqqət mərkəzində olurdu. Son dərəcə məsuliyyətli olması, onun bütün işlərinin nizamlı olmasına gətirib çıxarmışdı. Həmişə çətin yerlərdə, döyüş bölgələrində xidmət etməklə vətənpərvər bir hərbçi kimi döyüş yoldaşlarının və əsgərlərinin də hörmətini qazanmışdı.

Elvin xaraktercə sakit insan olmasına baxmayaraq, haqsızlığa qarşı həmişə çılğınlıq göstərən biri idi. Tabeçiliyində olan hərbi qulluqçuların haqqını öz haqqı kimi müdafiə edərdi. Elvin, ətrafında olan insanların  problemini öz problemi kimi bilib, həll etməyə çalışardı.

Qardaşım haqqında sosial şəbəkələrdə edilən paylaşımları, onun hərbçi dostları, vaxtı ilə ünsiyyətdə olduğu insanlar oxuyur və bizə zəng edib onunla bağlı olan xatirələrini bölüşürlər. Hər biri Elvinin yoxluğu ilə barışmadıqlarını bildirir və qardaşımı heç zaman unutmayacaqlarını qeyd edirlər.

Artıq bu gün arzuları, gülüşü, həyəcan dolu sevinci ilə dolu qoyub getdiyi və heç yaşamağa fürsət belə tapa bilmədiyi təzə evi, şəkilləri və şəxsi əşyaları ilə bəzədiyimiz otağı, bizim təsəlli yerimizdir.

Təki, Vətən sağ olsun! Allah, Elvin ilə bərabər, bütün şəhid qardaşlarıma rəhmət etsin!…

Heç şübhəsiz ki, Vətən uğrunda, haqq yolunda aparılan mübarizədə ən şərəfli məqam, ən yüksək ad – Şəhidlikdir! Vətənə olan müqəddəs borcunu Şəhidlik zirvəsinə yüksəlməklə qaytarmaq isə, bütün əməllərin ən alisi və əsl vətənpərvərlik göstəricisidir!. Şəhidlik, adi insan ölümü deyil! Şəhidlik, azadlıq uğrunda, sonunu düşünmədən, özünü məqsədyönlü şəkildə qurban vermək, fəda etmək deməkdir! Şəhidlik, Uca Allah tərəfindən ona verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyi, xalqın firəvan gələcəyi naminə bağışlamaq deməkdir! Şəhidlik, həmçinin, günahların bağışlanmasına vəsilə olan fəzilətli bir əməldir! Şəhidlik, vətənpərvərliyin ən ali məqamıdır! Tanrı dərgahında şəhidlik mərtəbəsi, Peyğəmbərlik məqamından sonra gələn ən yüksək zirvədir! Şəhid adı, adı insanların ala bilməyəcəyi ən yaxşı bir addır ki, bunun vasitəsilə, onların günahları bağışlanar, axirət səadətinə qovuşar və xüsusi mərtəbəyə ucalarlar! Ürəyində Allah sevgisi, Vətən məhəbbəti olan fədailərin üzündəki nur, şəhid olarkən müqəddəsləşər və bu fani dünyada yaşayan əməli-saleh insanların haqq yoluna işıq saçar!…

Bu gün isə, öz adını şanlı hərb tariximizə Şəhid kimi yazdıran Vətən oğullarını yaxından tanımaq, onların əziz xatirəsini dönə-dönə yad etmək, ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlının görəcəyi ən müqəddəs iş olmalıdır! Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində dərin ehtiram hissi ilə yad edilir!

Bəli, 30 ilə yaxın sürən həsrətdən sonra, Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz erməni terrorçularının təxribatlarının qarşısını almaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün 27 sentyabr 2020-ci ildən etibarən zəfər yürüşünə başladı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək, uzun illərdən bəri düşmən tapdağında olan tarixi torpaqlarımızı işğaldan azad etdi. Beləliklə də, 44 gün ərzində davam edən Vətən müharibəsində  xalqımız öz birliyini, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz isə, bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirdi! Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü uğurlu siyasəti, Müzəffər Ordumuzun rəşadəti və xalqımızın vəhdəti sayəsində Azərbaycan dövləti Zəfər qazandı! Tam əminliklə deyə bilərik ki, bu Zəfər, məğrur döyüşçülərimizin, qazilərimizin zəhməti və Vətən Müharibəsində şəhid olmuş igid oğullarımızın qanı bahasına əldə edildi!

İnsanın keçdiyi həyat məktəbi, onun ömrünün çalarlarını, yaşam qayəsini müəyyənləşdirir. Həyat yolu insanın ömrünün sonuna qədər davam edir və o vaxt bitir ki, artıq Tanrının ona bəxş etdiyi ömür payı bitmiş olur. İnsanın seçmiş olduğu bu yol, cəmiyyətdə tutduğu mövqe, dünyaya baxış bucağı və həyat tərzi, mənəvi dəyərlərlə vəhdət təşkil etməlidir!. Eyni ilə, qürur yerimiz olan bütün Şəhidlərimizdə olduğu kimi!!!…

Sənə Allahın salamı olsun əziz qardaş!

Şəhidlik məqamın mübarək Elvin!

Vətən Müharibəsi xalqımızın, dövlətimizin və Şanlı Ordumuzun möhtəşəm Qələbəmizlə başa çatdı!

Vətənini canından çox sevən şəhid qardaşım, artıq məkanında rahat uyuya bilərsən!

İntizarında olduğun arzuna çatdın əziz qardaş, artıq tarixi torpaqlarımızı işğaldan azad etdik!

Şərəfli bir ömür yaşamaqla bizi qürurlandıran məğrur insan, ruhun şad olsun!

Arzu edirəm ki, müqəddəs, üçrəngli bayrağımız daim var olsun və həmişə zirvələrdə dalğalansın!

Xalqımızın firəvan gələcəyi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm!

Oğlu şəhid olan zaman üzərindən çıxan və evinin ən əziz yerində saxladığı qanlı əşyaları öpərək, “Çarəsizəm, indi Elvinimin qoxusunu bunlardan alıram! Balama qurban olum!” deyən Tələt əmimin qarşısında baş əyir, oğlunu doyunca bağrına basıb əzizləyə bilməyən, həsrətlə onun yolu gözləyən Ağgül anamın əllərindən öpür, onlara sonsuz hörmət və ehtiramımı bildirirəm!

Məlumat üçün qeyd etmək istəyirəm ki, İsmayılov Elvin Tələt oğlu döyüşlərdə göstərdiyi igidliyə görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin Sərəncamları ilə, müvafiq olaraq, 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” və 25 dekabr 2020-ci ildə isə, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir!

Qeyd: Yazının ərsəyə gəlməsində, işıq üzü görməsində və geniş oxucu kütləsinə təqdim edilməsində mənə yaxından kömək edən şəxslərə: Şəhidimizin ailə üzvlərinə, qohumlarına, dostlarına, kəndimizin vətənpərvər sakini, Arzu Rəhimova, Şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin rəhbərliyinə, müəllim kollektivinə,”Beyləqan” Ədəbi Birliyinin fəal üzvü, tanınmış el şairi, cənab Etibar Süleymanlıya, şair, cənab Tahir Hüseynə, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri, cənab Suliddin Əsgərova, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Prezident təqaüdçüsü, “Yeni Xilaskar” qəzetinin təsisçisi, cənab Müşfiq Əliyevə, “SƏS” İnformasiya Agentliyinin rəhbərliyinə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Medonline.az” saytının rəhbəri, cənab Şamil Sabirogluna, “Quruluş” qəzetinin təsisçisi, “Hergun.az” saytının rəhbəri, cənab Elman İsrafiloğluna, “Paralel” qəzetinin təsisçisi, “Paralel.az” saytının rəhbəri, cənab Tapdıq Abbasa, “Ekspress” qəzetinin rəhbərliyinə, “İctimai.az” saytının rəhbərliyinə, digər mətbuat nümayəndələrinə və zəhməti keçən hər bir insana öz səmimi minnətdarlığımı bildirirəm!…

Xüsusi qeyd: Müqəddəs Şəhidlərimizin Respublikamızda və eləcə də, bütün dünyada lazımınca tanıdılmasına, təbliğ edilməsi istiqamətində bizə münbit şərait yaratdığına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”.