Varşavanın mərkəzində Polşa polisi kriminal dairələrdə “qanuni oğru” kimi tanınan, ən çox axtarılan gürcü cinayətkarlarından birini saxlayıb.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Əməliyyat Srodmiescie rayonunda keçirilib. Həmin şəxs saxlanılan zaman onun üzərindən saxta pasport, 7 ədəd odlu silah və 200-dən çox patron aşkar edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, çox güman ki, Polşaya silahdan istifadə ilə bağlı təhlükəli missiyanı yerinə yetirmək üçün gəlib.
Polis onun müvəqqəti yaşadığı ünvana baxış keçirərkən narkotik vasitələr, həmçinin avtomobil oğurluğunda tez-tez istifadə olunan radiosiqnal tıxacları aşkar edib.
Saxlanılan şəxs Şərqi Avropadan kənarda kriminal aləmdə əsas fiqurlardan biri hesab olunur. İndi onun Polşada hədəflərinin nə olduğu və səfərinin arxasında kimin durduğu aydınlaşır.