Yaponiya və Monqolustan arasında müdafiə texnikası və texnologiyalarının ötürülməsinə dair saziş bağlanıb.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sazişi Yaponiyanın Ulan-Batordakı səfiri Masaru İqavahara və Monqolustanın müdafiə naziri Sandagiin Byambatsogt imzalayıblar.
Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, saziş birgə layihələrin, o cümlədən beynəlxalq arenada sülh və sabitliyin əldə edilməsinə töhfə verən layihələrin həyata keçirilməsi üçün müdafiə texnikası və texnologiyalarının ötürülməsinə imkan verəcək. O, həmçinin müdafiə avadanlığı və texnologiyasının üçüncü tərəfə ötürülməsinə və ya onlardan hər hansı sui-istifadəyə nəzarəti təmin edəcək.
Saziş Tokio və Ulan-Bator arasında müdafiə avadanlığı və texnologiyası sahəsində, eləcə də Yaponiya müdafiə sənayesinin istehsal və texnoloji bazasının saxlanması və təkmilləşdirilməsi, bununla da Yaponiyanın təhlükəsizliyinin gücləndirilməsi sahəsində daha sıx əməkdaşlığa kömək edəcək.