Rəşad Bayramov: “Yeni təyin olunan nazir üçün belə şəraitdə qərar vermək asan məsələ deyil”backend

Cəmiyyətdə narahatçılıq yaradan əsas məqamlardan biri də növbəti təhsil ili ilə bağlı yekun qərarın verilməməsidir. Əlbəttə burada ən böyük narazılıqlar şagird, tələbə və valideynlər tərəfindəndir.

Azərbaycanda mart ayından ənənəvi təhsil metodu uzaqdan təhsil formasına keçirildi. Heç kəsdə şübhə doğurmur ki, ölkəmizdə ilk dəfə kütləvi olaraq təşkil edilən distant təhsillə bağlı bir sıra boşluqlar göründü və keyfiyyət istənilən səviyyədə olmadı. Bu səbəbdən bir çox tələbələr, həmçinin valideynlər ənənəvi təhsil metodu ilə növbəti təhsil ilinin başlanmasının tərəfdarıdırlar. Əlbəttə, nə qədər boşluqlar aradan qalxsa da və distant təhsilin keyfiyyəti yüksək olsa da, ənənəvi təhsilin səviyyəsində ola bilməz.

Bildiyimiz kimi bir müddət öncə yeni təhsil naziri təyin olundu və hər zaman təhsillə bağlı fəaliyyət göstərən bir şəxsin nazir təyin olunması bir çoxlarında ümid yaradıb. Emin Əmrullayevin daha öncə işlədiyi yerlərə nəzər yetirmək kifayətdir. Yeni təyin olunan nazir üçün belə şəraitdə qərar vermək asan məsələ deyil. Necə deyərlər “yüz ölçüb, bir biçmək lazımdır”. Məhz cənab nazirin də əsas istəyi ən qısa zamanda ən doğru qərarı verməkdir. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən məktəb və liseylər, kollec və universitet rəhbərləri ilə müntəzəm görüşlər keçirilir, təhsil sahəsində ixtisaslaşmış müvafiq qurumlarla məsləhətləşmələr aparılır. Bununla yanaşı digər ölkələrin müvafiq təhsil təcrübələri araşdırılır. Hətta cənab nazir öz “Facebook” səhifəsi üzərindən sorğu keçirərək, vətəndaşların fikirlərini alıb. Bu o deməkdir ki, təhsildə yeniliklər qaçılmaz olacaq və bu gələcək üçün böyük bir işıqdır.

Ümid edirəm ki, ən qısa zamanda nazirlik növbəti təhsil ili ilə əlaqədar yekun qərarı açıqlayacaq və bu qərar mövcud pandemiya dövrünə uyğun olaraq həyata keçiriləcəkdir.

Rəşad Bayramov 

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri

“GələcəkSƏN” təlim və inkişaf proqramının təsisçisi

“İctimai Lider Könüllülər” hərəkatının qurucusu