26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdürbackend

Məlumdur ki, 1918-ci il may ayının 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bilmişdi.

Belə ki, Hökumətin qərarı ilə həmin ilin 26 iyun tarixində Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılmış və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasının əsasını qoymuşdur. Həmin qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi və ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman imzalandı.

1920-ci ilin aprel ayında Azərbaycan işğal olundu və ölkədə ordu quruculuğu prosesi tamamilə dayandı. Lakin 1969-cu ildə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tədricən milli hərbi kadrların hazırlanması işinə start verdi. O, 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan, hərbi liseyin yaradılmasına nail oldu. Bu SSRİ rəhbərliyini çox narahat etdiyinə görə, bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışdılar. Lakin Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını aldı. Nəticədə milli zabit kadrları hazırlanmağa başladıldı.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Lisey ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə oxumağa başladılar.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirildi.

Ulu Öndərin 1998-ci il 22 may tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir.

Ölkənin hərbi qüdrətinin artırılması məqsədilə son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəldilmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün əldə olunan bu nailiyyətlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ağıllı və uzaqgörən siyasəti nəticəsində qazanılmışdır. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir.

27 sentyabrda başlayan 44 günlük müharibə Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi. Bu Müzəffər Ali Baş Komandanın apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyasının təntənəsi idi. Qəhrəman hərbçilərimizin şücaəti və rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndi, habelə Kəlbəcəri, Ağdamıvə Laçını, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi.

Vətən müharibəsində qazanılmış qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri və “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilmişlər.

Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti, özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi. Ölkədə möhtəşəm milli birliyə nail olundu və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmdi. Beləliklə, ordumuz erməni faşizminin onurğa sütununnu qırdı və dünyanı daha bir bəladan xilas etdi.

Elnur Əlizadə,
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci