Tarixi qələbənin xoş sədalarıbackend

İyun ayının 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayənda Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbər işçiləri və silahlı qüvvələrin nümayəndələri ilə görüş keçirmiş və ətraflı çıxış etmişdir.

Ali Baş Komandan öz çıxışında Azərbaycan ordusunun qələbəsinin bütün çalarlarını siyasi cəhətdən təsvir etmişdir.

44 günlük müharibə zamanı ordumuz şəhidlərin qisasını döyüş meydanında almaqla bərabər, ərazi bütöblüyümüzü bərpa etdik, tarixi ədalətsizliyə son qoyaraq düşmən üzərində tam qələbə qazandıq. Ilk dəfədir ki, Silahlı Qüvvələr gününü Zəfərlə qeyd edirik. Son üç yüz illik tariximizdə hələ belə qələbə əldə olunmamışdır.

Ötən əsrin 90-cı illərində baş verən Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük milli faciə idi. Həmin müharibə ciddi humanitar fəlakətə gətirib çıxardı. Belə ki, hər səkkiz nəfərdən biri qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur oldu. Iqtisadiyat çökmüş, sənaye potensialı məhv edilmişdir.

Ikinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ədalətin, ləyaqətin və milli qürurumuzun təntənəsi idi. Biz bütün gücümüzü toplayaraq düşmənin ordusunu darmadağın etdik. Müharibə zamanı düşmənin 336 tankı ya məhv edilib, ya da qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu, o cümlədən onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 10-unda kapitulyasiya aktına imza atdılar. Bu müharibə şanlı tarix kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.

Ermənistanın bir dövlət kimi inkişafı və siyasi cəhətdən mövcudluğu üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Başa düşməlidirlər ki, artıq Dağlıq Qarabağ adlı ərazi vahidi və Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Həmin münaqişəsi həll olunub və Ermənistan da bunu belə qəbul etməlidir. Ermənistan döyüş meydanında bizə uduzduqlarına görə, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizə bu yiolda əngəl ola bilməyəcək.

Biz bu qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görməklə bərabər, ordu quruculuğu sahəsində böyük islahatlar apardıq. İlkin olaraq beynəlxalq müstəvidə uğur qazanmağa başladıq.  Aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Biz sübut etdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki o vaxta qədər Ermənistan və onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Biz həmin mifləri dağıtdıq. Aparıcı beynəlxalq təşkilatlar olan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən  qərar və qətnamələr qəbul etdilər.

Ikinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Ermənistan isə tamamilə təsrid olunmuş vəziyyətdədir. Türkiyə başda olmaqla, qardaş ölkələr olan Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə dəstək oldular.

Biz qələbəni qazanmaq üçün ölkənin iqtisadi potensialını artırdıq. Ötən əsrin 90-cı illərində bizim iqtisadi vəziyyətimiz çox ağır idi. Xəzinə boşalmışdı, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü. Bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir və  valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Biz artıq neçə illərdi ki, heç kimdən asılı deyilik, əksinə biz donor ölkə statusundayıq.

Müharibənin qurtarmasından cəmi 7 ay keçmişdir, lakin bu müddət ərzində biz böyük işlər görmüşük. Infrastruktur layihələri ardıcıl olaraq həyata keçirilir. Bu uğurun əsas səbəbi xalq-iqtidar birliyidir.

Müharibə göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Ordunun silah-sursatla təchiz edilməsi səviyyəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması göstərdi ki, elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.

Güclənən Azərbaycanı görən Ermənistan dərk etməlidir ki, bundan sonra bütün sahələrdə gücümüz daha da artacaqdır. Xüsusilə hərbi sahəyə diqqəti daha da artıqmışıq. Belə ki, artıq müvafiq göstərişlər verilmiş, yeni kontraktlar imzalanmış, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesinə başlanılmışdır. Silahlı qüvvələrimizin təsdiqlənən yeni strukrur islahatlarına görə ordumuzun say tərkibi artırılacaqdır. Biz qalib ölkəyik və qaliblər qaydaları müəyyənləşdirir.

Rəşid Məmmədov,
Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri — Nərimanov rayonun fəal gənci