Müttəfiqlik rəsmiləşdibackend

İyun ayının 15-də işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan ölkələrimiz üçün tarixi əhəmiyyət daşıyan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar.

Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik haqqında Bəyannamə son yüz ildə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamədə nəzərdə tutlan bütün müddəalar, ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinə təminat verir. Bəyannamə tarixi əsaslara söykənir. Belə ki, həmin Bəyannamədə xalqlarımızın böyük liderləri və öndərləri olan Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapmışdır. Ötən əsrin əvvəllərində M.K.Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Həmin əsrin sonlarında isə Ulu Öndər H. Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

2020-ci ilin 8 noyabr tarixində azad edilmiş Şuşa şəhərində Müttəfiqlik Bəyannaməsinin imzalanması, məhz bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür. Strateji cəhətdən hər iki ölkənin bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Buraya beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi mühüm və vacib məsələlər daxildir. Həmçinin Bəyannamə Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün nə qədər önəmli olduğunu bir daha gündəmə gətirmiş oldu.

Eyni zamanda, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bu çox böyük bir tarixi nailiyyətdir. Bu həm də, ölkələrimizin bundan sonra da  hər zaman bir yerdə olacağı deməkdir. Deməli, bundan sonra da ölkələrimiz həmişəki kimi bir-birinin təhlükəsizliyini təmin edəcəkdir.

Bəyannamədə nəzərdə tutulan ən mühüm məsələlərdən biri də, birgə nəqliyyat layihələridir. Belə ki, həmin sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Əslində bu İkinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyətin nəticəsini əks etdirir. Artıq hər iki tərəf əməli işlərlə məşğuldurlar.

Ölkələrimiz arasında hərbi sənaye sahəsində olan əməkdaşlığın əsas müddəasının Bəyannamədə öz əksini tapması çox mühüm əhəmiyyətə malikdir.  Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları qələbənin qazanılmasında mühüm rol oynamışlar. Müdafiə sənayesi sahəsində ölkələrimiz arasında əlaqələrin inkişafı ölkələrimizin hərbi qüdrətini daha da artıracaqdır. Həmçinin,  Azərbaycanın bu prosesdə bir istehsal mərkəzi kimi inkişaf etməsi nəzərdə tutulmişdur.

Bəyannamənin siyasi mənası  Azərbaycan ilə Türkiyənin qardaş dövlətlər olduğunu bütün dünyaya təqdim etməkdir. Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşadan verilən bəyanatlar hələ uzun müddət siyasi dairələrin müzakirə etdiyi məsələlərdən biri olacaqdır. Bu bilik və qardaşlıq dünya üçün bir nümunədir. Şuşada dalğalanan bayraqlarımız da həmin birliyin bir ifadə formasıdır.

 Azərbaycan Türkiyənin dəstəyini həmişə hiss etmişdir və həmin dəstək İkinci Qarabağ Müharibəsi zamanı ölkəmizi Zəfərə apardı. Belə ki, müharibənin başladığı ilk gündən, ilk saatlardan Türkiyə Prezidenti R.T.Ərdoğan bildirdi ki, Azərbaycan tək deyil və bir dövlət olaraq Azərbaycanın yanındayıq. Həmin dəstək təkcə bizi ruhlandırmadı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri və dairələri siyasi cəhətdən zərərsizləşdirdi. 44 günlük müharibə müddətində Türkiyənin bütün dövlət qurumlarının rəhbərləri, mediası bizimlə birlikdə oldular və Azərbaycanın haqq işini bütün dünyaya bəyan etdilər.

Türkiyənin Şuşa şəhərində baş konsulluğun açılması barədə verdiyi qərarın böyük siyasi əhəmiyyəti vardır. Artıq Şuşa beynəlxalq hüququn subyektu oldu. Həmin qərar o deməkdir ki, iki ölkə arasında münasibətlər daha da dərinləşəcək və işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərində qardaş Türkiyə bizimlə birlikdə olacaqdır.

Azərbaycanın Naxçıvanla və Türkiyə ilə quru əlaqələrinin yaranmasında mühüm əhəmiyyəti olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması layihəsi, iki ölkə arasında həyata keçiriləcək meqalayihə olacaqdır. Həmin dəhlizin aşılışından təkcə Azərbaycan və Türkiyə deyil, həmçinin Ermənistan. Rusiya və İran da yararlanacaqdır. Artıq həmin layihənin həyata keçirilməsi üçün bütün siyasi və əməli addımlar atılmağa başlanılmışdır.

Aytən Süleymanova — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Rayonun fəal gənci