Azərbaycan Gənclər Fondu və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, Türk Mədəniyyəti və İrsi Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Turan” Etno-Folklor Ansamblı və “Zəfər” qrupu ilə görüş keçirilib.
İctimai.az xəbər verir ki, türk dövlətlərinin mədəniyyəti, adət və ənənələri, həmçinin musiqi sənətinin təbliği məqsədilə baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Riad Cəbrayılov bildirib ki, 2023-cü il ərzində Bakıda və mədəniyyət paytaxtımız Şuşada türkdilli xalqların iştirakı ilə müxtəlif festival, mədəniyyət günləri, zirvə toplantılarının keçirilməsi bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Türk dünyası gənclərinin də mədəni, yaradıcı əlaqələrinin genişləndirilməsində iştirakçılığının artırılması prioritet hesab olunmalıdır.
Daha sonra çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova türk dünyası mədəniyyəti və irsinin təbliği istiqamətində görülən işlərdən söhbət açıb. Bildirilib ki, cari ildə türkdilli ölkələrin dövlət başçıların iştirakı ilə keçirilən zirvə toplantılarında gənclərlə iş prioritet istiqamət olaraq qəbul edilib və bu kontekstdə görüləcək işlərə diqqətin önəmi vurğulanıb.
Tədbir “Turan” Etno-Folklor Ansamblı və “Zəfər” qrupunun konsert proqramı ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.