11/08/2026

Afət Rüstəmbəyova Beynəlxalq Qurama Festivalı çərçivəsində keçirilən seminarda məruzə ilə çıxış edib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qurama Festivalı çərçivəsində müxtəlif tədbirlər, o cümlədən elmi seminar təşkil olunub.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan tədqiqatçılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də qurama sənətinin tanınmış nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi türk xalqlarının zəngin mədəni irsinin, o cümlədən ənənəvi sənət nümunələrinin təbliği, qurama sənətinin tarixi inkişaf mərhələlərinin araşdırılması və bu sahədə fəaliyyət göstərən mütəxəssislər arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi olub.

Festival çərçivəsində keçirilən seminarda “Qeyri-maddi mədəni irsin təbliği” İctimai Birliyinin direktoru, fəlsəfə doktoru (PhD), dosent Afət Rüstəmbəyova “Azərbaycanda ‘qurama’ ənənəvi sənət növü kimi və onun kompozisiyası, rəng həlli” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı qurama sənətinin Azərbaycan xalq tətbiqi sənətindəki mövqeyi, kompozisiya quruluşu, rəng seçimi və bədii xüsusiyyətləri haqqında ətraflı məlumat təqdim olunub.

Məruzələr seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Beynəlxalq Qurama Festivalı çərçivəsində keçirilən bu cür tədbirlər milli-mədəni irsin öyrənilməsi və təbliği, ənənəvi sənət növlərinin gələcək nəsillərə çatdırılması, eləcə də müxtəlif ölkələrin mədəniyyət nümayəndələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər