17/08/2026

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri Naxçıvanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm siyasi, iqtisadi və sosial hadisə kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlər Naxçıvanın yalnız mövcud problemlərinin həllinə deyil, həm də uzunmüddətli və müasir inkişaf modelinə keçidinə yönəlmiş yeni mərhələnin əsaslarını ortaya qoydu.

Səfər zamanı Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu, şəhərdə “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu. Bununla yanaşı, Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması, elektrik mühərrikli yeni avtobusların istifadəyə verilməsi ilə bağlı görülən işlərə baxış keçirildi. Bu layihələr Naxçıvanın sənaye potensialının artırılması, enerji təminatının gücləndirilməsi və müasir nəqliyyat sisteminin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfərin mühüm istiqamətlərindən biri sosial inkişaf məsələləri oldu. Dövlət başçısı DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak etdi, həmçinin 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoydu. Bu addımlar Naxçıvanda əhalinin sosial rifahının yüksəldilməsinə, vətəndaşlara göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılmasına və mənzil təminatının yaxşılaşdırılmasına dövlət siyasətinin mühüm istiqaməti kimi yanaşıldığını göstərir.

Naxçıvanın gələcək simasının müəyyənləşdirilməsi baxımından səfərin ən mühüm məqamlarından biri “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanışlıq oldu. Bu sənəd Naxçıvanın qarşıdakı onilliklər üçün şəhərsalma, yaşayış, nəqliyyat və infrastruktur baxımından sistemli inkişafını nəzərdə tutan uzunmüddətli baxışın formalaşdığını göstərir. Beləliklə, Naxçıvanın inkişafı ayrı-ayrı layihələrdən ibarət deyil, vahid və uzunmüddətli şəhərsalma strategiyası əsasında həyata keçiriləcək.

Səfər Naxçıvanın tarixi və mədəni irsinin qorunmasını da əhatə etdi. Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu və “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak etdi. Bununla tarixi Naxçıvanın müasir şəhər mühiti ilə vəhdətdə inkişaf etdirilməsi, onun mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıldı.

İqtisadi inkişaf baxımından “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimi də diqqət çəkən hadisələrdən biri oldu. Sənaye, turizm və xidmət sektoruna yönəlmiş bu layihələr Naxçıvanın iqtisadi fəallığının artırılması, yeni iş yerlərinin yaradılması və regionun investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm potensiala malikdir.

Səfərin mühüm istiqamətlərindən biri də təhlükəsizlik və müdafiə məsələləri idi. Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak etdi. Bu, Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemində strateji əhəmiyyətinin qorunduğunu və hərbi potensialın müasir tələblər əsasında gücləndirildiyini göstərən mühüm mesajdır.

Bütün bunlarla yanaşı, səfərin əhəmiyyətini yalnız həmin gün həyata keçirilən layihələrlə məhdudlaşdırmaq düzgün olmaz. Çünki 11 avqust səfərindən sonra, 12 avqustda Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalandı. Sənəddə Naxçıvanın qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək inkişaf potensialı xüsusi vurğulanır. Bu ardıcıllıq göstərir ki, səfər konkret açılış və təməlqoyma mərasimləri ilə yanaşı, Naxçıvanın yeni inkişaf mərhələsinə keçirilməsi üçün daha geniş dövlət siyasətinin tərkib hissəsidir.

11 avqust 2026-cı il Naxçıvan üçün sadəcə növbəti dövlət səfəri deyil, gələcəyə hesablanmış yeni inkişaf mərhələsinin başlanğıcı kimi xarakterizə oluna bilər. Sənaye və enerji layihələri iqtisadi dayaqları, yeni nəqliyyat infrastrukturu əlaqəliliyi, sosial layihələr insanların rifahını, tarixi-mədəni irsin bərpası, milli kimliyi Naxçıvanın gələcək şəhər modelini formalaşdırır. Bu baxımdan 11 avqust səfəri Naxçıvanın tarixini qoruyaraq gələcəyini qurmağa yönəlmiş yeni mərhələnin siyasi və praktiki əsaslarını daha da möhkəmləndirdi.

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər