17/09/2026

Qarabağ həqiqətləri diplomatiyanın gözü ilə – reallığı dəyişən səfərlər

         8 noyabr 2020-ci il Azərbaycan ordusunun hərbi əməliyyatlarda mühüm üstünlük əldə etdiyi və bu uğurun münaqişənin gedişatını həlledici şəkildə dəyişdirdiyi tarixi mərhələdir. Xüsusən Şuşa şəhəri üzərində nəzarətin bərpası həm hərbi-strateji, həm də siyasi-simvolik baxımdan əhəmiyyətli dönüş nöqtəsi sayılır. Bu hərbi-siyasi dönüş təkcə hərbi müstəvidə deyil, həm də diplomatik səviyyədə yeni mərhələ açdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən hər müstəvidə zərgər dəqiqliyi ilə aparılan işlərin nəticəsi olaraq, məhz bu kontekstdə, 2020-ci ildən sonra Qarabağ və Şərqi Zəngəzura diplomatik korpus nümayəndələrinin 20 dəfədən çox səfəri Azərbaycanın əldə etdiyi strateji reallıqların beynəlxalq müstəvidə uğurlu nümayişidir.

11-12 sentyabr 2026-cı ildə təxminən 58 ölkə və 9 beynəlxalq təşkilatdan təqribən 150 nədər, o cümlədən xarici ölkələrin səfirləri, digər diplomatları, beynəlxalq təşkilatların nümayəndələri və hərbi attaşelərin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura geniş diplomatik səfərlərin keçirilməsi beynəlxalq auditoriyaya bir daha göstərdi ki, Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə intensiv bərpa və yenidənqurma, mühüm sosial-iqtisadi layihələr, məskunlaşma prosesi həyata keçirilir. Diplomatik heyət bu kimi uğurlarımızla yanaşı, Azərbaycanın həm də tarixi-mədəni abidələri ilə tanış olublar. Əlbəttə, bu kimi uğurlarımız beynəlxalq ictimaiyyət və diplomatik kollektiv tərəfindən təqdirəlayiq fəaliyyətlər kimi qiymətləndirilir, lakin Azərbaycanın siyasi-iqtisadi, mədəni-humanitar uğurlarına qısqanclıqla yanaşan qüvvələr də az deyil. Xüsusilə, Ermənistan mediasında ayrı-ayrı Qərb diplomatlarının hədəfə alınması, tarixi-mədəni irsimizlə bağlı mübahisəvi fikirlərin səsləndirilməsi bunun bariz nümunəsidir. Üç Qərb diplomatı, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun Ermənistan mediasında tənqid obyektinə çevrilməsi erməni revanşist qüvvələrin təxribatyönümlü reaksiyalarını üzə çıxarır. Unutmaq lazım deyil ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və son səfər bir daha onu göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Məhz buna görə, Ermənistan cəmiyyətinin bu cür reaksiyası qarşı tərəfin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasında ziddiyyətli məqamlar doğurur.

Məsələnin daha həssas və mürəkkəb bir predmeti isə Gəncəsər və Xudavəng monastırları ətrafındakı tarixi-mədəni irs mübahisəsidir. Səfərin ikinci günü həmin kompleksdə Azərbaycan rəsmisi tərəfindən qonaqlara bu abidələrin Qafqaz Albaniyası irsinin bir hissəsi olduğunu təqdim etməsi, onların tarixi keçmişinə və alban-xristian irsi kontekstində əhəmiyyətinə diqqət çəkməsi Ermənistan mediasında səfərin müzakirə və etiraz doğuran məqamlarından birinə çevrilib. Bu cür münasibət sadəcə etiraz deyil, bu tarixi keçmişə münasibətdə qərəzli yanaşmanın, eləcə də etnik müstəsnalıq və ayrı-seçkilik elementlərinin təzahürüdür. Ermənistan cəmiyyətinin dünya tarixində qəbul edilən faktlara müqaviməti rasizm göstəricisidir. Əgər tarixi-mədəni irsin mənsubiyyəti məsələsində Ermənistan bu qədər “həssas” yanaşma göstərirsə, niyə Ermənistan ərazisində mövcud olan Azərbaycan tarixi-mədəni irsinə eyni həssaslıqla yanaşmır? Bu cür ayrı-seçilik asimmetriya, ikili standardlar barədə tənqidlərə kifayət qədər əsas yaradır. Bütün bunlar azmış kimi, Qərbi Azərbaycanda tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin, tarixi yaşayış yerlərinin dağıdılması tarixi-mədəni keçmişin təhrif edilməsidir, ədalətsizlikdir və rasizmdir.

Əslində, mediada sürətlə və geniş çərçivədə yayılan bütün bu reaksiyalardan anlamaq çətin deyil ki, revanşist qüvvələrin arxasında həm Ermənistan daxilində, həmçinin xaricində fəaliyyət göstərən müəyyən dairələr dayanır. Bunu açıqca qəbul etməmək cəhdləri isə bir daha onu göstərir ki, onların sülhə getməkdən başqa yolu yoxdur. Qarşı tərəfin sülh prosesinə qarşı belə destruktiv yanaşmaları isə ikili standardların siyasi təzahürüdür. Dövlət Başçısımızın qətiyyəti nəticəsində Azərbaycanın tarixi qələbəsi, sarsılmaz mövqeyi və qətiyyətli diplomatik addımları Ermənistan tərəfində hələ də reallıqların qəbuluna qarşı dözümsüzlüyün birbaşa göstəricisidir.

Ramin Həbibzadə,

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri

Oxşar xəbərlər