04/10/2026

Tələbələr insan alverinin təhlükələri barədə məlumatlandırılıb

29–30 sentyabr 2026-cı il tarixlərində “Polisə Dəstək” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda , Azərbaycan Milli Konservatoriyasının Sumqayıt Musiqi Kollecində (29 sentyabr), ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (30 sentyabr tarixində) maarifləndirici əhəmiyyət kəsb edən mühazirə-seminar keçirmişdir.

Təhsil müəssisələrində insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işinin gücləndirilməsində məqsəd , tələbələrin bu sahədə məlumatlılığının və hüquqi biliklərinin artırılması, insan alveri risklərinin vaxtında müəyyən edib XXI əsrin köləliyinin qarşısının alınması istiqamətində gəncləri məlumatlandırmaqdan ibarət olmuşdur.

Sumqayıt Musiqi Kollecində keçirilən tədbirdə layihə rəhbəri, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Sumqayıt Şəhər Polis İdarəsinin şöbə rəisi, polis mayoru Mahir Qurbanov, layihə üzrə ekspert, hüquqşünas Aydın Kərimov, Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Həsənova, Kollecin YAP sədri Nicat Məlikov və psixoloq, psixologiya fənni üzrə pedaqoq Güllü Nəsirova çıxış etmişlər. Kollecin direktoru Natəvan Həsənova təhsil müəssisələrinin insan alverinə qarşı mübarizədə rolu, maarifləndirmə işinin davamlılığının əhəmiyyəti və Milli Fəaliyyət Planından irəli gələn vəzifələr barədə çıxış etmişdir. Digər çıxışlarda isə insan alveri ilə əlaqəli cinayətlərin müxtəlif formaları, o cümlədən sənədlərin saxtalaşdırılması, fahişəliyə cəlbetmə və əxlaqsız yuvaların saxlanılması istiqamətində tələbələrə müvafiq tövsiyələr verilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən tədbirdə isə Kollecin tərbiyə işləri üzrə müaveni Nigar xanım Şirəliyeva, layihə rəhbəri Şəmsəddin Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin məsul əməkdaşı Rövşən Əliyev və hüquqşünas Aydın Kərimov İnsan alverinin insan hüquq və azadlıqlarına zidd olması ətrafında məlumat vermişlər. 

Diskussiya şəraitində keçən tədbir zamanı iştirakçılara insan alverini doğuran səbəblər, insan alveri qurbanlarının sosial və təhsil vəziyyəti, sosial müdafiə məsələləri, əmək bazarında ayrı-seçkilik və gender bərabərsizliyi, insan alverinin müxtəlif təzahür formaları və bu cinayətlərin qarşısının alınmasında hüquqi maarifləndirmənin əhəmiyyətinə dair ətraflı məlumat verilmişdir. Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin,habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə fəaliyyətinə dair iştirakçılar məlumatlandırılmışlar.

Seminar-mühazirədə Tələbələr fəal iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılmışdır Qarşılıqlı diskussiya şəraitində keçirilən müzakirələr gənclərin insan alverinin yaratdığı təhlükələr, onun qarşısının alınması yolları və bu sahədə hüquq müdafiə mexanizmləri barədə məlumatlılığının artırılmasına xidmət etmişdir.

Oxşar xəbərlər